SİYASƏT
Azərbaycan incəsənəti “Dostluq festivalı”nda təmsil olunmuşdur
Bakı, 4 fevral (AZƏRTAC). Murmanskda milli mədəniyyətlərin VI “Dostluq festivalı” keçirilmişdir. Murmanskda 100-dən çox millətin nümayəndəsi yaşayır. Hər il keçirilən “Dostluq festivalı” sayəsində murmansklılar onların adət-ənənələri ilə tanış olurlar.
Ənənəvi bayramın əsas məqsədləri Murmansk vilayətində yaşayan xalqların mədəniyyətlərinin təbliği, millətlərarası münasibətlərin möhkəmləndirilməsi, tolerantlığın və xalqlar arasında qarşılıqlı hörmət hisslərinin bərpa olunmasıdır. Bu il festival iştirakçılarının çıxışları milli epos motivləri (nağıl, dastan, əfsanə, ayin, şifahi yaradıcılıq) üzərində qurulmuşdur.
Ümumrusiya Azərbaycan Konqresi “Şərq incisi” ansamblı ilə birlikdə festivalın qonağı və iştirakçısı olmuşdur. “Şərq incisi” ansablı “Ağıllı arvad” nağılını təqdim etmişdir. Sonra xalq rəqsi nümayiş etdirilmişdir. ÜAK-ın fəalları festival çərçivəsində təşkil edilmiş sərgi üçün Azərbaycanın ictimai-siyasi və mədəni həyatının müxtəlif sahələrini əks etdirən stendlər hazırlamışlar. Sərgiyə tamaşa edənlərə ölkəmiz haqqında nəşrlər təqdim olunmuşdur.
Milli mədəniyyətlərin VI “Dostluq festivalı”nın təşkilat komitəsi Rusiyanın Murmansk Vilayət İctimai Palatasının üzvü, ÜAK-ın Murmansk vilayət bölməsinin sədri Afil Hüseynova təşəkkürnamə və iştirakçı diplomu, “Şərq incisi” ansamblına festivalın rəmzi olan heykəlcik təqdim etmişdir.