ELM VƏ TƏHSİL


Azərbaycan iqtisadiyyatı elmi əsaslara söykənən yol xəritələri əsasında inkişaf etdirilir

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Universitetində “Modernləşmə şəraitində milli iqtisadiyyatın inkişafının aktual problemləri və perspektiv istiqamətləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, rektor Səadət Əliyeva 2018-ci ildə rəhbərlik etdiyi ali məktəbdə müxtəlif istiqamətlərdə beynəlxalq və respublika miqyaslı elmi konfransların keçirildiyini söyləyib.

Diqqətə çatdırılıb ki, bugünkü konfransın keçirilməsinin məqsədi elmi mühitin milli iqtisadiyyatın inkişafının aktual problemlərinin tədqiqinə cəlb olunması, qazanılmış elmi nəticələrin paylaşılması və müzakirəsi üçün platformanın təqdim edilməsidir.

Rektor qeyd edib ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət alıb. Azərbaycanın iqtisadi qüdrətinin ilbəil artmasından böyük fəxarət və qürur hissi keçirdiyini bildirən Səadət Əliyeva plenar məruzəçiləri iştirakçılara təqdim edib və tədbirin işinə uğurlar arzulayıb.

AMEA-nın müxbir üzvü Akif Musayev Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması sahəsində görülən işlər haqqında danışıb. Qeyd olunub ki, Azərbaycan iqtisadiyyatı elmi əsaslara söykənən proqram və yol xəritələri əsasında inkişaf etdirilir. A.Musayev Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” haqqında da ətraflı məlumat verib.

AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tofiq Hüseynov bildirib ki, Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətləri dövlətimizin başçısının 2003-2018-ci illərdə imzaladığı fərman və sərəncamlarda, dövlət proqramlarında əksini tapıb. Vurğulanıb ki, müvafiq strateji yol xəritələrində qarşıya qoyulan vəzifələrin icrası ölkəmizin inkişafında mühüm rol oynayacaq.

Konfransın plenar məruzəçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovun çıxışı müasir universitet missiyası konsepsiyasına həsr olunub. Qeyd olunub ki, biliklərə əsaslanan iqtisadiyyatda universitetlər öz işlərini təhsil, tədqiqat və biliklərin kommersiyalaşması missiyasına uyğun qurmalıdırlar.

Sonra professor Elşad Məmmədov “Elmi tərəqqiyə əsaslanan innovativ iqtisadiyyatın idarə edilməsi” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, çox uğurlu, stabilliyə söykənən və dayanıqlı iqtisadi inkişafa imkan yaradan rəqabət üstünlüyünə malikdir.

Daha sonra konfrans işini Azərbaycan iqtisadiyyatının davamlı inkişafının aktual məsələləri və innovativ iqtisadiyyat şəraitində modernləşmənin əsas istiqamətləri olmaqla iki bölmədə davam etdirib.

Elmi konfransın yekununda bölmə sədrlərinin hesabatları dinlənilib, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.