İQTİSADİYYAT


Azərbaycan istehsalı olan ilk “ağıllı” yüksək texnoloji məhsullar İsmayıllıda

Bakı, 30 iyul, AZƏRTAC

İnnovasiyalar Agentliyinin tabeliyində olan Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti "RD SMART" MMC tərəfindən hazırlanan ağıllı şəhər (smart-city) komponentləri - avtobus dayanacağı, smart oturacaqlar və işıqlandırma dirəklərinin ilk nümunələri İsmayıllı rayonunun mərkəzində yerləşdirilib. İyulun 29-da isə İsmayıllı rayonuna səfər edən Prezident İlham Əliyev həmin ağıllı avtobus dayanacaqları ilə tanış olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu il iyunun 16-da İnnovasiyalar Agentliyinin Qərarı ilə Pirallahı Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qeydiyyata alınıb. Onlardan biri də "RD SMART" MMC-dir.

Hazırda "RD Smart" MMC 7 növ texnoloji məhsulun: Azərbaycan alimlərinin ixtirası olan "Biosanis" dezinfeksiya məhlulu ilə işləyən dezinfeksiya keçidləri, külək və günəş enerjisi ilə çalışan işıqlandırma dirəkləri, ağıllı avtobus dayanacaqları, “Wi-Fi” və telefon şarjı ilə təchiz olunan solar oturacaqların istehsalı ilə məşğuldur. Şirkət Pirallahı Yüksək Texnologiyalar Parkında qurulacaq zavodda 25 növ ixrac potensialı yüksək olan texnologiya məhsulları istehsal etməyi planlaşdırır. İlk məhsullar artıq İsmayıllı rayonunda quraşdırılıb.

Günəş enerjisi ilə işləyən "Smart dayanacaq" hər 10 dəqiqədən bir 10 saniyə ərzində Azərbaycan alimlərinin ixtirası olan spirtsiz, xlorsuz və insan orqanizminə zərər yetirməyən "Biosanis" dezinfeksiya məhlulunu havaya püskürdərək dayanacaqda gözləyən sərnişinləri virusa yoluxmaqdan qoruyur. Bundan əlavə dayanacaqda əl üçün dezinfeksiya dispenseri də yerləşdirilib. Dayanacaq, həmçinin pulsuz “Wi-Fi”, mobil cihazlar üçün 4 şarj yeri, USB port, 2 təhlükəsizlik kamerası və su satan vendinq aparatı ilə təchiz olunub. Sərnişinlərin rahatlığı üçün avtobusların hərəkət qrafiki isə xüsusi paneldə əks ediləcək. Ağıllı avtobus dayanacağının bütün enerji tələbatı solar panellər vasitəsilə təmin olunur. Rayon parkında yerləşdirilmiş solar panellər vasitəsilə işləyən daha iki növ ağıllı oturacaq pulsuz “Wi-Fi”, mobil cihazlar üçün şarj və USB portla təmin olunub.

Nə üçün şəhərdə deyil, məhz rayonda? Çünki məqsəd rayon büdcələrinə qənaət etməklə əhaliyə xidmət göstərən sahələri müasir texnologiyalara uyğunlaşdırmaqdır. Belə ki, şirkət tərəfindən istehsal edilən yeni günəş və külək enerjisi ilə işləyən işıq dirəklərinin quraşdırılması ənənəvi elektrik kabelləri ilə çəkilmiş işıq dirəkləri ilə müqaisədə vəsaitə 95 faiz qənaət etmək imkanı verir. Həmçinin aylıq elektrik ödəmələrinə vəsait xərcləməyərək də qənaət əldə edilir. Çünki işıqlandırma dirəkləri 100 faiz günəş enerjisi ilə işləyir.

Bildirilib ki, "RD SMART" MMC tərəfindən istehsal olunan "Ağıllı Şəhər", yeni texnoloji məhsullar "Smart Şəbəkə"sinə inteqrasiya olunmağa tam hazırdır.

Ucqar kəndlərdə, qəsəbələrdə, şəhərlərdə, rayon mərkəzlərində quraşdırılan və işləyən işıqlandırma dirəkləri, işıqforlar, oturacaqlar, dayanacaqlar, elektrik avtobuslar və lazım olan digər qurğular vahid "Smart Şəbəkə" sistemi təşkil edərək asanlıqla idarə olunacaq. İdarəetmə mərkəzində quraşdırılmış monitorlar vasitəsilə operator canlı olaraq sistemdə işləyən qurğuların, avadanlıqların, avtobusların vəziyyətini izləyə biləcək. Hər hansı texniki nasazlıq monitorda əks olunarsa, servis xidməti dərhal müdaxilə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.