CƏMİYYƏT
Azərbaycan jurnalistləri Stavropola səfər ediblər
Bakı, 5 yanvar, AZƏRTAC
“Stavropolskaya Pravda” qəzetində Azərbaycan jurnalistlərinin Stavropol diyarına səfəri barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, telejurnalistlərin səfəri “Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Stavropol diyarı üzrə regional bölməsinin sədri, Stavropolda azərbaycanlıların “Odlar yurdu” diaspor təşkilatının rəhbəri Fəxrəddin Yarıyevin dəvəti ilə həyata keçirilib. O, jurnalistlərə müsahibəsində bu diyarda yaşayan soydaşlarımızın həyatından bəhs edib. F.Yarıyev deyib: “Stavropol diyarında 18 minə yaxın azərbaycanlı yaşayır. “Odlar yurdu” ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafı istiqamətində çox iş görür. Azərbaycandan buraya meyvə, ədviyyat və çay ixrac edilir, Stavropoldan isə taxıl və ət məhsulları göndərilir. İkitərəfli əlaqələrin möhkəmlənməsi qubernator Vladimir Vladimirovla görüşün də əsas mövzusu olub. Diaspor nümayəndələri bütün Rusiyada, o cümlədən Stavropolda yaşayan azərbaycanlıların və digər xalqların mədəniyyətinə göstərilən hörmətə görə Prezident Vladimir Putinə və diyarın hökumətinə minnətdardırlar”.
Telejurnalistlər F.Yarıyev və diasporun digər nümayəndələri ilə görüşdən sonra Stavropolda azərbaycanlıların toyunda olub və burada çəkiliş aparıblar.