SİYASƏT


Azərbaycan jurnalistlərinin xarici media qurumlarına və beynəlxalq təşkilatlara müraciəti qəbul olunub

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru Sirac Abışovun Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olmaları ilə bağlı Azərbaycan jurnalistlərinin xarici media qurumlarına və beynəlxalq təşkilatlara müraciəti qəbul edilib.

AZƏRTAC Mətbuat Şurasına istinadla 120-dən çox media, jurnalist təşkilatı rəhbəri və müstəqil jurnalist tərəfindən imzalanan müraciəti təqdim edir.

-2021-ci il iyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Qarabağa ezam olunan müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru Sirac Abışov Azərbaycanın Ermənistan işğalından azad edilmiş Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olublar. Daha bir mülki şəxsin həlak olduğu, dörd nəfərin isə yaralandığı bu hadisə Azərbaycan jurnalistlərində dərin üzüntü, kədər, təəssüf və hiddət hissi doğurmuşdur.

İkinci Qarabağ müharibəsinin başa çatmasından, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatdan sonra Ermənistan tərəfindən vaxtilə ərazidə yerləşdirilmiş müxtəlif növ minalar və digər partlayıcı qurğular indiyədək xeyli sayda mülki şəxsin həyatına son qoyub, yaralanmalarına səbəb olub. Təxminən 35 mindən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir. Məhərrəm İbrahimovun və Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisə minalanmış ərazilər probleminin jurnalist fəaliyyətinə də maneçilik törətdiyinin, məhdudiyyət yaratdığının, peşəni əsl təhlükəyə çevirdiyinin bariz göstəricisidir. Nəzərə alaq ki, hər iki media orqanının əməkdaşı Kəlbəcər rayonuna məhz xidməti vəzifələrini həyata keçirmək üçün getmişdilər.

Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalist yaradıcılığını məhdudlaşdırır, eyni zamanda, Ermənistanın işğalı nəticəsində zorla doğma yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin geri qaytarılmasına da imkan vermir. Beləliklə həm cəmiyyətin informasiya ilə təminatı, həm də insanların öz evlərində yaşamaq hüququ pozulur. Otuz ilə yaxın müddətdə işğalçılıq yolu tutmuş Ermənistan indi də mina xəritələrini verməkdən imtina etməklə özünün beynəlxalq hüquqa zidd niyyətini gerçəkləşdirməkdə, bölgədə sülhün və əmin-amanlığın yaranmasına qarşı çıxmaqdadır.

Onu da bildiririk ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş quruculuq işlərinə başlanılıb. Əraziyə xarici şirkətlərin böyük marağı var. Bu maraq, eyni zamanda, müxtəlif ölkələrdən jurnalistlərin bölgəyə axınını şərtləndirməkdədir. Ermənistanın mina xəritələrini verməkdən imtinası xarici media təmsilçilərinin də həyatlarına təhlükədir. Bu, məqsədli şəkildə edilən hərəkətdir, bəşəri dəyərlərə birbaşa təhdid əməlidir. Çox istərdik ki, beynəlxalq təşkilatlar, o cümlədən jurnalistika sahəsində fəaliyyət göstərən nüfuzlu qurumlar məsələ ilə bağlı qətiyyətli və prinsipial mövqelərini bildirsinlər. Hesab edirik ki, onların verəcəkləri sərt reaksiya Ermənistanın tutduğu antibəşəri yoldan daşınmasına əməli töhfə ola bilər. Biz Azərbaycan jurnalistlərinin gözləntisi məhz bundan ibarətdir.

Biz Azərbaycan jurnalistləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisədən bir daha kədərləndiyimizi bildiririk. Bu müraciəti imzalamaqda məqsədimiz beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın insan hüquq və azadlıqlarına zidd əməlinə çəkməkdir.

Biz xaricdəki həmkarlarımızı bu fakta ciddi reaksiya verməyə, Ermənistan Respublikasına minalanmış ərazilərin xəritələrini vermək üçün təzyiq göstərməyə çağırırıq. Əmin edirik ki, bu çağırış missiyasına dəstək insanların, habelə jurnalistlərin həyatları üçün mövcud olan təhlükənin aradan qaldırılmasına köməkdir. Bu dəstək, həmçinin bölgədə sülhün, əmin-amanlığın və sabitliyin yaradılmasına son dərəcə böyük töhfə ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.