İDMAN
Azərbaycan karate yığmasının kapitanı: Komandamız yarışlarda tam heyətlə iştiraka hazırdır
Bakı, 3 oktyabr, AZƏRTAC
“Tokio-2020”yə lisenziya xarakterli Dünya Karate Federasiyasının (WKF) Karate 1 Premyer Liqa seriyasının növbəti mərhələ yarışlarına Tokioda start veriləcək. Komandamız yarışlarda tam heyətlə iştiraka hazırdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində karate üzrə milli komandanın kapitanı, dünya çempionatının ikiqat gümüş və bürünc mükafatçısı, bir sıra nüfuzlu turnirlərin qalib və mükafatçısı Şahin Atamov deyib.
Komandanın bundan əvvəl Berlində analoji yarışlarda iştirak etdiyini vurğulayan yığmanın kapitanı Premyer Liqa turnirinin “Tokio-2020” Olimpiadasına lisenziya üçün xal verən əsas yarışlardan biri olduğunu qeyd edib.
Ş.Atamov heyətdə bəzi karateçilərin zədəli olduqlarını deyərək, bərpa olunmaq üçün zədələri üzərində işlədiklərini də diqqətə çatdırıb. O, Olimpiya proqramına daxil edildikdən sonra karate yarışlarında rəqabətin daha da yüksəldiyini vurğulayıb: “Dünyanın ən güclü karate ölkələrinin təmsilçiləri Premyer Liqa turnirində mübarizə aparırlar. Azərbaycan da aparıcı karate ölkələrindən biridir və döyüş ustalarımız dünyada ciddi rəqib kimi qəbul olunurlar. Məqsədimiz “Tokio-2020”yə daha çox lisenziya əldə etməkdir.
Berlində Premyer Liqa yarışlarındakı çıxışı barədə də danışan Şahin Atamov bildirib ki, həmin turnirdə 5-ci yeri tutdum. İdmançı məğlub olsa da, ruhdan düşməməlidir. Məşqçilərlə səhvlərimiz üzərində işləyirik”.
Qeyd edək ki, Karate 1 Premyer Liqa turniri oktyabrın 12-dən 14-dək Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.