İQTİSADİYYAT
Azərbaycan karbohidrogen resursları ilə qlobal enerji təhlükəsizliyinə töhfə verir VİDEO
Bakı, 9 iyun, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan karbohidrogen resursları ilə qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verir.
AZƏRTAC xəbər verir ki, bu fikir iyunun 9-da işə başlayan Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin enerji təhlükəsizliyinə həsr edilən birinci panel iclasında səsləndirilib.
İclasdan əvvəl çıxış edən Boliviyanın sabiq Prezidenti Xorxe Kiroqa Latın Amerikasındakı enerji, xüsusilə də neft və təbii qaz resurslarının iqtisadiyyata təsirlərindən, enerji təhlükəsizliyindən və karbohidrogenlərin ixrac coğrafiyasından danışıb. Bildirib ki, dünyada ən böyük neft ehtiyatlarına malik olan Venesuela məhz Amerika qitəsində yerləşir. Lakin son dövrlərdə Venesuela iqtisadiyyatındakı zəifləmə, ölkədə gedən siyasi proseslər və bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar fonunda neft hasilatı və ixracında geriləmələr yaşanıb.
Panel iclasının moderatoru Böyük Britaniya hökumətinin naziri Ceyms Varton qlobal enerji mənbələrinə tələbatdan, neft və təbii qazın ölkələrarası münasibətlərə təsirindən bəhs edib.
SOCAR-ın marketinq və biznesin inkişafı şöbəsinin rəisi Emil Qasımlı Azərbaycanın enerji resurslarının zənginliyindən və ölkəmizin neft tarixindən danışıb. Bildirib ki, dünya neftinin tarixi Azərbaycandan başlayır. 1846-cı ildə dünya miqyasında ilk dəfə olaraq sənaye üsulu ilə neft Bakıda hasil edilib.
Emil Qasımlı Azərbaycanın liderliyi ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin əhəmiyyətindən, bu boru kəməri zəncirinin Avropanın enerji təhlükəsizliyinə və mənbələrin şaxələndirilməsinə verəcəyi töhfələrdən bəhs edib. Diqqətə çatdırıb ki, layihənin ilk iki seqmenti artıq tamamlanıb, üçüncü seqmenti - TANAP isə yaxın günlərdə istismara veriləcək.
Siyasi analitik Alberto de Santis Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP boru kəməri layihəsinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Avropa İttifaqı, xüsusilə də ABŞ bu layihəyə öz dəstəyini ifadə edib. Çünki bu boru kəməri Avropaya yeni mənbədən təbii qazı çatdıracaq, bir mənbədən asılılığı azaltmaqla qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. O deyib: “Bu boru kəməri Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçir. TAP-la Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql olunacaq. Bununla da Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılan qaz həcmləri Aralıq dənizi sahillərinə çatacaq. Bu həcm qitənin tələbatını əhəmiyyətli dərəcədə ödəyəcək”.
Qazaxıstandan olan ekspert Qani Abadildinov isə Mərkəzi Asiya regionunun enerji resurslarından və ixrac marşrutlarından danışıb. Bildirib ki, bu regiondakı ölkələrdə hasil edilən təbii qazın əsas alıcısı Rusiyadır. Mərkəzi Asiyanın təbii qaz resurslarının Avropaya da nəqli hər zaman gündəmdə olub. Hazırda isə Çinin enerji, xüsusilə də təbii qaz tələbatı durmadan artır. Bu da regiondakı ölkələrin öz qazını yeni bazara ixracına imkan yaradır.
Siyasi ekspert Roger Evans isə dünyada, xüsusən də Avropada alternativ və bərpa olunan enerji mənbələrinə diqqətin artdığını deyib. Qeyd edib ki, hazırda bu sahə üzrə böyük potensialı olan ölkələr ənənəvi enerji mənbələri əvəzinə daha təmiz mənbələrə, yəni, bərpa olunan enerji növlərindən istifadəyə üstünlük verirlər. Çünki ənənəvi mənbələrdən asılılıq səmərəli deyil.
Paneldə qlobal enerji təhlükəsizliyi barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.