İDMAN
Azərbaycan komandası Mixail Botvinnik Kuboku uğrunda mübarizə aparır
Bakı, 13 avqust, AZƏRTAC
Moskvada MDB və Gürcüstan uşaq komandaları arasında Mixail Botvinnik Kuboku keçirilir.
AZƏRTAC xəbər verir ki, Mixail Botvinnik adına açıq beynəlxalq uşaq şahmat turnirində 14 yaşınadək uşaqlardan ibarət ən güclü komandalar iştirak edir. Turnirin iştirakçıları sırasında azərbaycanlı şahmatçılar da yer alıb.
Azərbaycan komandasının heyətinə qrossmeyster Azər Mirzəyev, ustalığa namizəd Mələk İsmayıl, Rəvan Əliyev, Murad İbrahimli və Sadiq Məmmədov daxildir. Botvinnik Memorialında Azərbaycan şahmatçıları ilə yanaşı, Belarus, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və başqa ölkələrin komandaları iştirak edirlər.
Beynəlxalq turnirin beş turunun yekunlarına görə, birinci yerə Belarus yığması çıxıb. Komandaya qrossmeyster Sergey Jiqalko rəhbərlik edir. Beş matçın nəticəsinə görə, komanda aktivinə 40 mümkün xaldan 27 xal daxil edib. Azərbaycan komandası 23 xalla üçüncü yeri tutur. Azərbaycan şahmatçıları Qırğızıstan (5,5:2,5) və Tacikistan (6:2) komandalarına qalib gəliblər, Qazaxıstan komandasına 3,5:4,5 hesabı ilə məğlub olublar.
Altıncı turda Azərbaycan təmsilçilərinin rəqibləri belaruslu şahmatçılar olacaq.
Şahmat üzrə altıncı dünya çempionu Mixail Botvinnik (17.08.1911 – 05.05.1995) idman, elmi və yaradıcı fəaliyyətinin 60 ildən çoxunu şahmat sənətinə həsr edib. İstedadlı yeniyetmələrin əyani-qiyabi formada təhsil aldıqları məşhur Botvinnik məktəbi isə əsl “çempionlar məktəbi” olub.
Gənc şahmatçıların hazırlanmasında M.Botvinnik irsinin qorunub saxlanması məqsədilə uşaq komanda turniri də keçirilir.
Turnirin qalib komandası M.Botvinnik Xatirə Kuboku ilə mükafatlandırılır. Habelə I, II və III yerləri tutan komanda və iştirakçılar diplom və medallarla təltif olunurlar.