CƏMİYYƏT


Azərbaycan könüllüləri arasında “Nizami kvest” intellektual komanda oyununun final mərhələsi keçirilib

Bakı, 21 iyul, AZƏRTAC

Ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar dahi şairin yaradıcılığının könüllülər arasında təbliği, ədəbi irsinin daha yaxşı öyrənilməsi, eləcə də könüllülərin intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı və “Bir Könüllü” Təşkilatının dəstəyi ilə keçirilən “Nizami Kvest” intellektual komanda oyununun final mərhələsi baş tutub.

AKTİ-dən AZƏRTAC-a bildiriblər ki, Bakıda keçirilən birinci mərhələdə kvesti bütün komandalardan tez başa vuran “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin komandasının könüllüləri Gəncədə keçirilən final mərhələsində paytaxtı təmsil etmək hüququ qazanıblar. Həlledici yarışda Bakı və Gəncə şəhərlərini, eləcə də Samux, Göygöl, Şəmkir və Goranboy rayonlarını təmsil edən könüllülərdən ibarət 6 komanda iştirak edib. Oyunun qaydalarına əsasən, komandalar Gəncənin müxtəlif ərazilərində dahi şairin həyat və yaradıcılığına dair sualların cavablarını xüsusi ipucları vasitəsilə həmin məkanlarda taparaq birincilik uğrunda mübarizə aparıblar.

Yekunda başlanğıc nöqtəsinə bütün komandalardan tez qayıdan və kvesti ilk başa vuran Gəncə komandasının könüllüləri yarışın qalibi olublar. Samux rayonu və Bakı şəhərini təmsil edən komandalar isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər. Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara kubok və qiymətli hədiyyələr təqdim olunub.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı xüsusilə regionlarda könüllülərin böyük maraqla qarşıladıqları bu qəbildən intellektual yarışları növbəti aylarda da davam etdirməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.