Azərbaycan könüllülərinin Türkiyədəki zəlzələ bölgəsində fəaliyyəti yüksək qiymətləndirilib
AzerTAg.az
Bakı, 17 mart, Həsrət Mahmudova, AZƏRTAC
Martın 17-də Bakı Konqres Mərkəzində Azərbaycan gənclərinin Türkiyədə zəlzələ bölgəsindəki könüllü fəaliyyətinin yekunlaşmasına həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev və Türkiyədə fəaliyyət göstərmiş könüllülülərin bir qrupu iştirak edib, görülmüş işlər barədə ətraflı məlumat verib, jurnalistlərin ünvanladığı sualları cavablandırıblar.
Bildirilib ki, Azərbaycan könüllülərinin Türkiyədəki fəaliyyəti bir ay davam edib, on minlərlə zərərçəkmiş şəxsə yüzlərlə azərbaycanlı gənc kömək əlini uzadıb, qardaşlıq borcunu yerinə yetirib. Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına dərhal qoşulan gənclərimiz dövlətimizin başçısının “Bir yumruq, bir ürək, bir can” şüarını özlərinin devizinə çevirərək, qardaş ölkədə zəlzələ qurbanlarına dəstək olmaq üçün canla-başla xidmət ediblər.
Məlumat verilib ki, könüllülərimiz zəlzələnin ilk günlərində zərərçəkənlərə harada dəstəyə ehtiyac varsa, ora dərhal yardım üçün tələsiblər. Onlar həm çadırlar quraşdırıb, həmin düşərgələrdə yerli sakinlərə xidmət edib, həm də ucqar kəndlərdə zərərçəkənlərə zəruri humanitar xidmətlər göstəriblər.
Bildirilib ki, Azərbaycan könüllüləri koordinasiyalı şəkildə fəaliyyət göstərərək təkcə zəlzələnin episentri Kahramanmaraşda yox, həmçinin Hatay, Adıyaman və Malatya kimi bölgələrə gedib, oradakı zəlzələ qurbanları üçün də bu nəcib humanitar missiyanı yerinə yetiriblər.
Qeyd edilib ki, Azərbaycan gənclərinin bu dəstəyini həm yerli sakinlər, həm də qardaş ölkənin rəsmi şəxsləri çox yüksək qiymətləndirib. Kahramanmaraşda Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan könüllülərimiz ilə şəxsən görüşüb, Azərbaycan dövlətinə və xalqına təşəkkür edib. Eyni zamanda, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu, DİN rəhbəri Süleyman Soylu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, KADEM Fondunun Qəyyumlar Şurasının sədri Sümeyye Ərdoğan, “BaykarMakine” şirkətinin texniki direktoru Selçuk Bayraktar, habelə millət vəkilləri, valilər və tanımış şəxslər könüllülərimizin fəaliyyəti ilə yaxından tanış olub, gənclərimizə təşəkkürlərini çatdırıb.
Xüsusi olaraq vurğulanıb ki, Türkiyədə baş vermiş zəlzələdən sonra orada fəaliyyət göstərən yeganə könüllü heyət Azərbaycan könüllüləri olub. Eyni zamanda, bu fəaliyyət Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllülük fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıblar. Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti bir daha sübut edir ki, ölkə rəhbərliyinin könüllülük fəaliyyətinə, könüllülərə daimi diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülük hərəkatı daha da genişlənir.


Xəbərin mətnində orfoqrafik səhv var