CƏMİYYƏT
Azərbaycan könüllülərinin həmrəylik festivalında əmək yarmarkası təşkil edilib
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman nazirlikləri və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilib. Yüzlərlə gəncin və könüllü təşkilatlarının iştirak etdiyi tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Şəhər Məşğulluq İdarəsi tərəfindən könüllülər üçün əmək yarmarkası təşkil edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yarmarkada 68 müəssisə tərəfindən 299 vakant iş yeri təqdim olunub.
Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb. Özünüməşğulluq proqramı barədə tədbir iştirakçılarına məlumat verilib, proqrama cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.