CƏMİYYƏT
Azərbaycan korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa böyük önəm verir
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 11-dən 15-dək İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 21-ci İllik Konfransı və Ümumi Yığıncağı keçirilib.
Tədbirdə ölkəmizi Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Assosiasiyanın Antikorrupsiya Şəbəkəsinin iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri “Korrupsiyaya qarşı mübarizə və beynəlxalq əməkdaşlıq” mövzusunda təqdimatla çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasəti nəticəsində ölkə həyatının bütün sahələrində möhtəşəm uğurlar qazanıldığını, irimiqyaslı nailiyyətlərə imza atıldığını vurğulayıb.
Dövlətimizin başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha intensiv xarakter aldığını bildirən Kamran Əliyev bu sahədə həyata keçirilən mütərəqqi təşkilati və institusional tədbirlər barədə ətraflı məlumat verib. O, çıxışında, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərdən bəhs edib, region ölkələrinin hüquq sistemində və qanunvericiliyində bu sahədə mövcud olan problemlərə, onların həlli yollarına və inkişaf perspektivlərinə toxunub. İclasın sonunda Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar, bukletlər və statistik məlumatlar iştirakçılara təqdim olunub.
İcraiyyə Komitəsinin iclasında çıxış edən nümayəndə heyətinin rəhbəri Kamran Əliyev Azərbaycanın BPA-nın fəaliyyətinə verdiyi önəmi xüsusi vurğulayaraq ötən il ərzində Assosiasiya ilə səmərəli əməkdaşlığın inkişafı istiqamətində görülmüş işlərlə bağlı ətraflı məlumat verib. İclasda, həmçinin gündəlikdə duran təşkilati məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.
Assosiasiyanın Antikorrupsiya Şəbəkəsinin növbədənkənar iclasında Qətərin Baş prokuroru Bin Fetais Al Marri, İsveçrənin Baş prokuroru Mixael Lauber, Perunun Baş prokuroru Pablo Velarde və digərləri korrupsiyaya qarşı mübarizə sahəsində təmsil etdikləri ölkələr arasında əməkdaşlığı daha da gücləndirməyin vacibliyini vurğulayıblar. Bu məqsədlə yeni əlaqələndirici bazanın yaradılması qərara alınıb.
Sentyabrın 12-də Assosiasiyanın 21-ci İllik Konfransı və Ümumi Yığıncağının təntənəli açılış mərasimində İrlandiya Respublikasının Baş prokuroru Kler Loftus və BPA-nın prezidenti Gerhard Yaroş çıxış edərək korrupsiya ilə mübarizədə prokurorların rolunu qeyd edib, Assosiasiyanın ötən dövrlərdəki fəaliyyətinə nəzər salıblar.
“Prokuror və müstəntiqlərin cinayət təqibində rolu” mövzusunda keçirilmiş İllik Konfransda dünyanın 92 ölkəsindən 550 nümayəndə, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının rəhbərləri, beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri iştirak ediblər.
Tədbirin sonuncu günü Assosiasiyanın Ümumi Yığıncağında qurumun ali orqanı olan İcraiyyə Komitəsinə keçirilmiş seçkilər zamanı ölkəmizin ədliyyə və prokurorluq orqanlarının qurumun fəaliyyətinə verdiyi töhfələr və yüksək səviyyəli işgüzar əlaqələr nəzərə alınmaqla, Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri növbəti üç il müddətinə Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü seçilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Assosiasiyanın prezidenti, İrlandiya, Türkiyə və Qətərin Baş prokurorları, eləcə də Böyük Britaniya, Çin, Rusiya, Qazaxıstan, Ukrayna, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.
Tədbir çərçivəsində BPA-nın növbəti İllik Konfransının 2017-ci ilin sentyabrında Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilməsi qərara alınıb.