SİYASƏT


Azərbaycan mədəni və dini rəngarəngliyə əsaslanan, ayrı-seçkiliyin mövcud olmadığı cəmiyyətin yaradılmasına parlaq nümunədir

Bakı, 22 sentyabr, AZƏRTAC

İslam həmrəyliyinin möhkəmləndirilməsi baxımından bu il bizim üçün uğurlu il olub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib. Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə Forum və IV İslam Həmrəyliyi Oyunlarında İƏT Baş katibi və digər üzv dövlətlərin iştirakından məmnunluq duyduq. Azərbaycan hər zaman çoxmədəniyyətlilik və dinlərarası dialoqun təşviqi və genişləndirilməsi prosesinə töhfə verməyə çalışıb. Müxtəlif dinlər, xalqlar və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşmanın yaradılması məqsədi daşıyan bir çox tədbirə ev sahibliyi etmişik. Mədəni və dini rəngarəngliyə əsaslanan, ayrı-seçkiliyin mövcud olmadığı cəmiyyətin yaradılması mümkündür və Azərbaycan buna parlaq nümunədir. Respublikamız bu ilin may ayında “Mədəniyyətlərarası Dialoqun İrəlilədilməsi - insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə Foruma da uğurlu ev sahibliyi edib.

Bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin illik əlaqələndirmə görüşündə çıxışı zamanı deyib.

Elmar Məmmədyarov bildirib ki, biz, həmçinin birgə səylərimizin müsəlmanlar arasında birlik, dostluq və qardaşlıq bağlarının möhkəmləndirilməsinə yardım edəcəyinə ümid edirik.

Azərbaycanın İƏT-ə üzv olan dövlətlərdə müharibə və silahlı münaqişələrin mövcudluğundan ciddi narahat olduğunu vurğulayan E.Məmmədyarov deyib: “İlk olaraq, vurğulamaq istərdim ki, Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə Prezident İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib. Dünyanın bəzi hissələrində İslamın yanlış anlaşılması ilə bağlı vəziyyət İslamofobiyaya qarşı birgə fəaliyyətimizi möhkəmləndirməyə zərurət olduğunu təsdiq edir.

Biz Fələstin Dövlətinə münasibətdə artan beynəlxalq dəstəyi görməkdən məmnunuq. Qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini davamlı olaraq dəstəkləyir.

Bu il iyulun 20-21-də Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyanın, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İƏT-in və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Konfransın yekunu olaraq təşkilatçılar adından qəbul edilmiş Kommunikedə Əl-Əqsa məscidinin bağlanması və orada ibadətə qoyulan məhdudiyyətlər qınanılıb”.

Azərbaycan hökuməti və xalqı adından İƏT-ə və onun üzv dövlətlərinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə münasibətdə göstərdiyi tam dəstəyə görə dərin təşəkkürünü bildirən E.Məmmədyarov qeyd edib ki, bu təcavüz Azərbaycan torpaqlarının 20 faizinin işğalı və etnik təmizlənmə nəticəsində 1 milyon azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi ilə nəticələnib: “Azərbaycan Respublikası bir daha bəyan edir ki, öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Bu xüsusda, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT Əlaqələndirmə Qrupu toplantısının 2017-ci il sentyabrın 19-da BMT Baş qərargahında keçirilmiş iclasının hesabatını yüksək qiymətləndiririk. Ermənistan siyasi-hərbi rəhbərliyinin bəyanatlarında müharibə ritorikası, substantiv danışıqları boykot etməsi və şərtlər irəli sürməsi münaqişənin tənzimlənməsinə konstruktiv yanaşmaya niyyətli olmadığını açıq-aşkar göstərir”.

Azərbaycanın xarici işlər naziri bildirib ki, bu il Xocalı soyqırımının 25-ci ildönümü qeyd olunur. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Xocalı şəhərinə müxtəlif istiqamətlərdən hücum edildi. Nəticədə Ermənistan silahlı qüvvələri keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər, onun dinc əhalisini xüsusi amansızlıqla öldürdülər. Nəticədə 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs qanına qəltan edildi. 1000 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. İndiyə qədər Xocalının 150 sakini itkin hesab olunur. Sadəcə azərbaycanlı olduqları üçün Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğını həyata keçirildi.

“Fürsətdən istifadə edərək, İƏT Baş katibi Yusif bin Əhməd əl-Useyminə və üzv dövlətlərə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik” və “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” başlıqlı qətnamələrin, eləcə də İƏT Nazirlər Şurasının 10-11 iyul 2017-ci il tarixində Abicanda keçirilmiş 44-cü iclası çərçivəsində digər sənədlərin qəbulunda ədalətli mövqeyi və dəstəyinə görə bir daha təşəkkürümü bildirirəm”, - deyə E.Məmmədyarov qeyd edib.

E.Məmmədyarov sonda Azərbaycanın İƏT-ə və Qoşulmama Hərəkatına üzv dövlətlər arasında “EXPO-2025”ə yeganə namizəd olduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.