SİYASƏT
Azərbaycan mədəniyyəti İsveçdə təbliğ olunur
Stokholm, 31 may, Rauf Əliyev, AZƏRTAC
Stokholmdakı Azərbaycan diasporu mədəniyyətimizin təbliği ilə bağlı tədbir keçirib.
Tədbir İsveçdə yeni yaradılan “Alov” Qadınlar Cəmiyyəti, “Swazko” İsveç-Azərbaycan Təşkilatı və İsveçin İşçi Elmi Federasiyası (ABF) tərəfindən təşkil olunub.
“Swazko”nun sədri Dəniz Lətifi tədbir iştirakçılarına yeni təşkilatın yaranmasının səbəbləri və fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, əsas məqsəd İsveç ilə Azərbaycan arasında mədəniyyət, incəsənət, biznes sahələrində mübadilələri təşviq etməkdir.
Sonra 2006–2010-cü illərdə İsveçin Azərbaycanda səfiri vəzifəsində işləmiş Hans Qunnar Aden məruzə ilə çıxış edərək iştirakçılara Azərbaycan və Nobel qardaşlarının Bakıdakı fəaliyyəti haqqında ətraflı məlumat çatdırıb.
“Alov” Qadınlar Cəmiyyətinin sədri Leyla Kiani isə Azərbaycanın mədəniyyəti, qədim rəqsləri və milli geyimlərindən danışıb.
Daha sonra milli geyimlərimiz və rəqslərimiz nümayiş etdirilib, həmçinin milli və klassik Azərbaycan musiqisi, eləcə də görkəmli bəstəkarlarımızın əsərləri səsləndirilib.
Tədbirdə İsveç ictimaiyyətinin nümayəndələri, Azərbaycan və türk diasporunun təmsilçiləri iştirak ediblər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm