SİYASƏT
Azərbaycan mədəniyyəti İsveçrədə keçirilən Xalqlar Dostluğu bayramında layiqincə təqdim olunmuşdur
Bakı, 4 may (AZƏRTAC). “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi fəaliyyət istiqamətinə uyğun olaraq davamlı şəkildə müxtəlif layihələr həyata keçirir. Əsasən Azərbaycanın milli mənəvi dəyərlərinin təbliğinə yönəldilmiş layihələrdən biri İsveçrədə keçirilən Xalqlar Dostluğu bayramında həyata keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Bern şəhərində fəaliyyət göstərən Bern Tələbə Təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri ölkəmizin mədəniyyətini Xalqlar Dostluğu bayramında layiqincə təqdim etmişlər.
Dünyanın müxtəlif xalqlarının nümayəndələri tərəfindən təmsil etdikləri ölkələrin milli mənəvi dəyərləri, maddi sərvətləri, milli mətbəxin ləziz nümunələri təqdim olunmuşdur.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri olan azərbaycanlı tələbələr də milli mətbəximizin ləziz nümunələrini, mədəniyyətimizi, adət-ənənələrimizi əks etdirən guşə yaratmaqla tədbir iştirakçılarına ölkəmiz haqqında ətraflı məlumat vermişlər. Burada, həmçinin digər xalqların nümayəndələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə ətraflı məlumat əldə etmişlər.
Tədbir iştirakçılarına Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, ictimai-siyasi sabitlik barədə də ətraflı məlumat verilmişdir.
Qafqaz dövlətlərindən yalnız Azərbaycanın təmsil olunduğu bu tədbirdə guşəmiz böyük marağa səbəb olmuşdur.
Tədbirdə ölkəmiz haqqında kitablar, CD və broşürlər paylanmışdır.