MƏDƏNİYYƏT


“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev mərkəzlərinin rolu” adlı onlayn konfrans keçirilib

Daşkənd, 28 sentyabr, АZƏRTAC

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Samux və Lənkərandakı Heydər Əliyev mərkəzlərinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev mərkəzlərinin rolu” adlı onlayn konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib.

Konfransda Azərbaycanın Samux, Lənkəran, Yevlax, İsmayıllı, Quba, Şabran, Astara, Zaqatala, Balakən, Tovuz, Salyan, Masallı, Ağdam, Abşeron, Yardımlı, Beyləqan, Ucar, Siyəzən, Qəbələ, Qusar, Lerik, Qaradağ, Oğuz, Şəmkir, Qax, Cəlilabad, Ağdaş, Ağstafa, Daşkəsən, Gəncə, Göygöl, Zərdab, Bərdə, Sabirabad, Xızı, Qazax, Kürdəmirdəki Heydər Əliyev mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Samux rayonundakı Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bildirib ki, Heydər Əliyev mərkəzləri müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin ideologiyasının daşıyıcısı olmaqla yanaşı, eyni zamanda, zəngin Azərbaycan mədəniyyətinin ən fəal təbliğatçılarıdır.

Azərbaycan Mədəniyyət Nazirliyinin bölmə müdiri Yaşar Hüseynli Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyət siyasəti, nazirliyin strukturuna daxil olan müəssisələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə aparılan islahatlar barədə məlumat verib.

Y.Hüseynli ölkədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri və muzeylərinin fəaliyyətinin əlaqələndirilməsi üçün nazirlik tərəfindən xüsusi portalın yaradıldığını, həmçinin ölkədəki mərkəzlərin fəaliyyəti, mövcud vəziyyət və perspektivlər haqqında fikirlərini bölüşüb.

AMM-in direktoru Samir Abbasov bütün sahələrdə ölkəmizin qazandığı nailiyyətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təbliğində Heydər Əliyev mərkəzlərinin rolu və vəzifəsindən danışıb. O, ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının təbliği barədə danışıb, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkə mədəniyyətinə böyük qayğı göstərildiyini, dünyanın aparıcı ölkələrində mühüm layihələrin həyata keçirildiyini, Azərbaycan mədəniyyət günlərinin təşkilini, bu istiqamətdə uğurlu layihələrin davam etdiyini söyləyib. S.Abbasov AMM-in ötən 10 ildə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər barədə də məlumat verib. O, Azərbaycanda fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri ilə birlikdə gələcəkdə daha sıx əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirib. Direktor Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın müxtəlif ali məktəblərində yaradılan ədəbiyyat və mədəniyyət ocaqları, özbək mətbuatı ilə sıx əməkdaşlıq, Azərbaycana təşkil olunan mediaturlar, çoxsaylı nəşr layihələri, konfranslar, dostluq konsertləri, Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, “Qardaşlaşmış şəhərlər” haqqında müqavilələr imzalanması və s. işlər barədə məlumat verib.

Daha sonra bir neçə mərkəz direktorunun çıxışları dinlənilib. Qubadakı Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Reyhanə Sadıxova (Lənkəran), Mail Fərəcov (İsmayıllı), Təvəkkül Əliyev (Şabran), Kübra Səmədova (Astara), Famil Rəhimov (Zaqatala), Ləman Balayeva (Balakən), Humay Aslanova (Tovuz), Dürriyə Seyidova (Kürdəmir), Nübar Bayramova (Salyan) öz çıxışlarında Heydər Əliyev mərkəzlərinin Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirdiyi layihələr, dövlət siyasətinin, milli mədəniyyətimizin təbliği istiqamətində görülən işlərə dair məruzələr ediblər.

Konfrans iştirakçıları Ulu Öndərin ideyaları, onun müstəqil Azərbaycanın memarı kimi müstəsna xidmətləri, Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığının möhkəmləndirilməsində xidmətləri barədə fikirlərini bölüşüblər.

Çıxışçılar AMM-in təşəbbüsü ilə Özbəkistanın Fərqanə vilayətinin Riştan şəhəri ilə Azərbaycanın İsmayıllı rayonu arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirildiyini, Lənkəran və Buxara şəhərləri arasında da bu cür layihəyə start verildiyini və s. layihələr barədə məlumat veriblər.

Sonda Samir Abbasov gələcək əməkdaşlıq və birgə layihələrə dair təkliflərini səsləndirib və bu istiqamətdə gələcəkdə Heydər Əliyev mərkəzləri arasında birgə iş planının təsdiq edilməsinin vacib olduğunu söyləyib. O, göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Konfransın yekununda Samux rayonundakı Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri direktorlarınin Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin yaranmasının 10 illiyi münasibətilə hazırladığı təbrik videoçarxı nümayiş etdirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.