İQTİSADİYYAT


Azərbaycan məhsulları 3-cü Çin Beynəlxalq İdxal Sərgisində təqdim olunacaq

Pekin, 30 oktyabr, AZƏRTAC

Azərbaycanın ixracyönümlü və rəqabətqabiliyyətli məhsulları növbəti dəfə vahid ölkə stendi ilə noyabrın 5-10-da Çin Xalq Respublikasının (ÇXR) Şanxay şəhərində keçiriləcək 3-cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş ediləcək.

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, sərgidə fondun təşkilatçılığı ilə ölkəmizdən 20-dən çox şirkətin istehsalı olan nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, qənnadı məmulatlar, un məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və sair məhsullar təqdim olunacaq.

Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracının artırılmasına dair müzakirələr aparılacaq, potensial müştərilərlə görüşlər keçiriləcək.

Qeyd edək ki, ÇXR-in Sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır. Son bir neçə onillikdə Çinin sosial-iqtisadi inkişafı əhalinin maddi gəlirlərinin yüksəlməsi ilə müşayiət olunur. Əhalinin orta gəlirli təbəqəsinin sayının 400 milyon nəfərə çatması ölkədə daha keyfiyyətli və geniş çeşiddə məhsullara ehtiyacı artırıb. Statistikaya əsasən, ötən 5 ildə dünyada ümumi idxalın təxminən 10 faizi Çinin payına düşüb. Çin qarşıdakı 15 il ərzində 4,3 trilyon ABŞ dolları dəyərində məhsul idxal etməyi planlaşdırır. Şanxay sərgisi də Çinin bu idxal planının reallaşmasına xidmət edir.

Builki sərginin ekspozisiya sahəsi əvvəlki illə müqayisədə 60 min kvadratmetr artırılaraq 360 min kvadratmetrə çatdırılıb.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.