İQTİSADİYYAT
Azərbaycan məhsulları Berlində "Fruit Logistica" sərgisində nümayiş olunur
Berlin, 7 fevral, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində "Fruit Logistica 2019" beynəlxalq meyvə və tərəvəz sərgisi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edir.
Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev ziyarətçilərin milli stendimizdə sərgilənən yüksək keyfiyyətə malik məhsullardan olduqca məmnun qaldıqlarını bildirib.
Azərbaycanda torpaqların çox məhsuldar olduğunu deyən sərgi iştirakçısı Mikael Neefs bildirib: "Mən qulançar bitkisinin yetişdirilməsi ilə məşğul oluram. Məsələn, Azərbaycanda qulançar mövsümü Avropadan daha tez başlayır. Azərbaycan qulançarın tez böyüdülməsi üçün əlverişli ölkədir. Azərbaycan torpaqlarında məhsuldarlıq çox yüksəkdir, həmçinin ölkənizin meyvə-tərəvəzi çox dadlıdır".
Digər sərgi iştirakçısı Alis Çinq Çiu isə deyib: "Azərbaycan stendində alma qurusunun dadına baxdım, çox xoşuma gəldi. Sanki onu sizin qabağınızda hazırlayırlar və siz onun təzə olduğunu görürsünüz. Bu alma qurusunu Çində çox bəyənirlər. Sağlam yemək hesab olunur. Çində sağlam yeməyə çox fikir verirlər. Buna görə Azərbaycan stendi məni cəlb etdi. Mən buraya gəldim və bu məhsullardan hansının Çində satıla biləcəyinə baxdım. Bildiyiniz kimi, bizim Şərq mətbəxinə və mədəniyyətinə böyük marağımız var".
Azərbaycanın sərgidəki təqdimatının çox gözəl olduğunu vurğulayan Samir Elkhalifav bildirib: "Bu sərgi Azərbaycanın yerli məhsullarını tanıtmaq üçün yaxşı fürsətdir. Hər hansı bir məhsulu gözəl təqdim edəndə, ona qarşı maraq yaranır və onu alırlar. Burada hər şey yüksək səviyyədə təşkil edilib. İş adamları bu məhsulları özləri birbaşa Azərbaycandan idxal edə bilərlər və bunun üçün heç kimi gözləməməlidirlər".
Əslən çinli olan və 10 ildir Berlində yaşadığını deyən Sofi Zhe Li iki il əvvəl Bakıya səfər etdiyini bildirib. "Azərbaycana səfərimdən çox razı qaldım. Hazırda Dubayda supermarket üçün çalışıram və Azərbaycandan alma satıcısı axtarıram. Çünki sizin almaların dadına baxdım, çox dadlıdırlar. Azərbaycan almalarını Dubay bazarına çıxarmaq üçün danışıqlar aparıram".
Dünyanın 80-dən çox ölkəsindən 3 mindən artıq şirkətin məhsullarının nümayiş olunduğu "Fruit Logistica" sərgisinin virtual kataloqlarında, meqa-bordlarında, bannerlərində Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, sərgidə "Made in Azerbaijan" brendinin reklam çarxları nümayiş olunur, ziyarətçilərə müxtəlif çap materialları paylanılır.
Qeyd edək ki, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak ölkəmizin qeyri-neft məhsullarının "Made in Azerbaijan" adı altında tanıdılması və təşviq edilməsi məqsədilə təşkil olunan dəstək tədbiridir. Vahid brend altında öz məhsullarını təqdim etmək istəyən yerli şirkətlər ixracatçının məhsul üzrə istehsal potensialı, həmçinin hədəf ölkəyə və ya ölkələrə ixrac potensialı meyarına görə qiymətləndirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin