İQTİSADİYYAT


Azərbaycan məhsulları Çində beynəlxalq sərgidə nümayiş olunur

Pekin, 21 iyun, AZƏRTAC

Çinin Çindao şəhərində Şərqi Asiyada dənizçilik əməkdaşlığı platforması çərçivəsində iyunun 21-də beynəlxalq sərgi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Şərqi Asiyada dəniz əməkdaşlığı platforması Çinin “Kəmər və yol” təşəbbüsü çərçivəsində rəmzi xarakter daşıyan layihədir. Şandon vilayəti və Çindao şəhər hökumətlərinin dəstəklədiyi sərgi Çinin beynəlxalq ticari-iqtisadi əlaqələrinin genişlənməsinə töhfə məqsədi daşıyır. Ekspozisiya sahəsi 60 min kvadratmetr olan sərgidə yerli və xarici iştirakçılar məhsul və xidmətlərini 6 bölmədə nümayiş etdirir.

Ölkəmizin Çindəki səfirliyində ticarət nümayəndəliyinin dəstəyi ilə sərgidə iştirak edən Çindao şəhərindəki “Azərbaycan Ticarət Evi” “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulları, o cümlədən şərab və digər spirtli içki növlərini, nar şirələrini, kompotları, mürəbbələri, çayı xüsusi pavilyonda təqdim edir.

Qeyd edək ki, Çindao Çinin 6 ən önəmli dəniz limanından biri olmaqla yanaşı, əsas iqtisadi mərkəzlərdəndir. Şəhərin ümumi daxili məhsulu (ÜDM) 200 milyard ABŞ dollarından çoxdur. Son bir neçə il ərzində Çindao şəhəri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) da iqtisadi mərkəzinə çevrilir. 2018-ci ildə şəhərdə “Çin-ŞƏT iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası” yaradılıb. Burada Şanxay Əməkdaşlıq Təşkilatının üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələrin iştirakı ilə ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığa dair müxtəlif layihələr həyata keçirilir.

Azərbaycanın rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarının Çin bazarında satışının təşviqi məqsədilə 2021-ci ilin aprelində Çindaoda “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb. Sözügedən zonadakı ticarət evində Azərbaycan məhsullarının nümayişi və satışı ilə yanaşı, ölkəmizin iqtisadi inkişafı, investisiya mühiti, nəqliyyat-tranzit və turizm potensialı da təqdim edilir.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.