İQTİSADİYYAT
Azərbaycan məhsulları “KazBuild 2018” sərgisində təqdim olunur VİDEO
Almatı, 4 sentyabr, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində “KazBuild 2018” XXV beynəlxalq sərgi keçirilir. Azərbaycanın İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” stendində Azərbaycanın tikinti və interyer məhsulları nümayış olunur. Bu il sərgidə 25 ölkədən 288 inşaat şirkəti iştirak edir.
AZƏRTAC xəbər verir ki, “KazBuild 2018” sərgisində Azərbaycan ilk dəfə iştirak edir. Üç gün davam edəcək sərgidə Azərbaycandan 14 şirkət - “Cahan Holding”, “NormSement”, “SemSan”, “Sobsan”, “NB Group”, “Idea”, “Azərtexonlayn”, “CMT Group” və digər şirkətlər təmsil olunur.
“KazBuild 2018” beynəlxalq sərgisində ilk dəfə Azərbaycan milli stendinin təqdim olunmasını və Azərbaycan şirkətlərinin Qazaxıstan beynəlxalq sərgilərində iştirakının ənənəyə çevriləcəyinə ümidvar olduğunu deyən ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu cür tədbirlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına, səmərəli və qarşılıqlı anlaşma mühitinin yaradılmasına, əmtəə dövriyyəsinin artırılmasına müsbət təsirini göstərdiyini deyib.
Səfir bildirib ki, ölkələrimiz arasında ildən-ilə iqtisadi-ticarət əlaqələri genişlənir. Cari ilin birinci yarısında Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi ötən ilin birinci yarısı ilə müqayisədə 50 faiz artıb.
“Azərbaycan və Qazaxıstan arasında əlaqələrin daha da genişləndirilməsi, Azərbaycan məhsullarının Qazaxıstan bazarlarına çıxarılması, ixracın və istehsalın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədi ilə tədbirlər keçirilir. Sərgi çərçivəsində Azərbaycan və Qazaxıstan şirkətləri arasında ixrac imkanlarının genişləndirilməsinə dair işgüzar görüşlər təşkil edilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı