İQTİSADİYYAT
Azərbaycan məhsullarının Körfəz ölkələrinə daşınması üçün nəqliyyat logistika layihəsinin hazırlanması qərara alınıb
Bakı, 20 iyun, AZƏRTAC
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndə heyəti Bəhreyn Krallığına işgüzar səfərdə olub.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, idarə heyətinin sədri Əbülfət Qocayev, idarə heyətinin sədr müavini Elşən Əsədov və qida sektorunda fəaliyyət göstərən şirkət nümayəndələrinin daxil olduğu nümayəndə heyətinin səfərinin məqsədi Azərbaycan məhsullarının Körfəz ölkələrinə ixracı, alternativ bazarların araşdırılması və ölkəmizin aqrar sektoruna xarici investisiyaların cəlb edilməsidir.
“Mumtalakat Holding”in prezidenti Mahmud Alkhocayi ilə keçirilən görüşdə holdinqlə Səhmdar Cəmiyyət arasında tərəfdaşlıq münasibətlərinin yaradılması, kənd təsərrüfatı istehsalının bir sıra sahələrinə investisiyanın qoyulması, Azərbaycan məhsullarının Körfəz ölkələrinə daşınması üçün nəqliyyat logistika layihəsinin hazırlanması qərara alınıb.
“Arcapita” İnvestisiya Fondun da keçirilən görüşdə fondun baş icraçı direktoru Atif Əbdülmalik bildirib ki, fond 70 müəssisəyə təxminən 30 milyard dollar həcmində investisiya yönəldib, bu istiqamətdə Azərbaycan şirkətləri ilə birgə əməkdaşlıq qurula bilər. Azərbaycanın iqtisadi potensialı haqda Səhmdar Cəmiyyət nümayəndələri geniş təqdimatla çıxış ediblər. Atif Əbdülmalik Azərbaycanda tikintisi nəzərdə tutulan logistika mərkəzi layihəsində iştirak etməkdə maraqlı olduqlarını bildirib və bu barədə ətraflı müzakirə aparılıb.
“Bəhreyn İqtisadi İnkişaf Şurası”nın icraçı direktoru Simon Qalpin ilə görüşdə bildirib ki, şura maliyyə xidmətləri, istehsal, turizm, logistika və nəqliyyat sahələrində irihəcmli investisiyalara malikdir. Şura Azərbaycan Respublikasından ərzaq məhsullarının ixracı, habelə logistika imkanlarının genişləndirilməsi ilə əlaqədar olaraq bu sahələrə dövlət dəstəyinin göstərilməsində maraqlıdır.
Proqram çərçivəsində Səhmdar Cəmiyyətin nümayəndə heyəti Bəhreyn Kral ailəsinin üzvü, “Riyada Şirkətlər Qrupu”nun prezidenti xanım Şeyxa Dheya Bin İbrahim Əl Xəlifə ilə də görüşüb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH-nin sədri Əbülfət Qocayev Azərbaycanın kənd təsərrüfatı potensialı, ölkədə həyata keçirilən iqtisadi islahatlar haqda geniş məlumat verib.
Xanım Şeyxa Dheya Bin İbrahim Əl Xəlifə bildirib ki, Azərbaycan məhsullarının keyfiyyəti ilə bağlı zəngin məlumatlara malikdir və Bəhreyndə Azərbaycan məhsullarının satış şəbəkəsinin yaradılmasına dəstək verməyə hazırdır.
İşgüzar görüşlərin sonuncu günü “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin dəstəyi ilə Bəhreyn şirkətləri üçün Azərbaycan məhsullarının təqdimat sərgisi keçirilib. “Riyada Group”un mərkəzi binasında keçirilmiş sərgidə “Meyvəli”, “Balxurma”,” Gilan”, “Azərsun”, “Ballı”, “Veysəloğlu”, “Milla”, “AzQranata”, “GlobalFoodService”, “ AhmedTodor”, “AstaraÇay”, “Qoç Ət” və “Tovuz-Baltiya” şirkətlərinin məhsulları geniş təqdim olunub, dequstasiya keçirilib. Məhsullarımız bəhreynli iş adamları tərəfindən həm görünüşünə, həm də dadına görə yüksək qiymətləndirilib.
Sərgidə Azərbaycan məhsullarının Bəhreyn Krallığına ixracı ilə bağlı çoxsaylı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb. “Riyada Group”un vitse-prezidenti Sergey Tsektov müzakirədə Bəhreyndə Azərbaycan məhsullarının satış bazarının açılmasını təklif edib və bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirib. Əməkdaşlığa dair memorandumunun imzalanması qərara alınıb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndə heyəti və azərbaycanlı sahibkarlar səfər çərçivəsində Bəhreyn Krallığının paytaxtı Manama şəhərinin market şəbəkələrinə baş çəkərək ərzaq məhsullarının daxili bazar qiymətlərini araşdırıblar. “Carrefur” və digər satış şəbəkəsində araşdırmalar aparıb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycan məhsullarının ixracı məqsədi ilə xarici bazarların araşdırılmasını davam etdirir.