İQTİSADİYYAT
Azərbaycan məktəbliləri “Avropa Pul Viktorinası”nda iştirak edib
Bakı, 22 aprel, AZƏRTAC
Maliyyə savadlılığının qiymətləndirilməsi məqsədilə təşkil edilən və ümumilikdə 50 min şagirdin iştirak etdiyi Avropa Pul Viktorinasının final mərhələsi ingilis dilində keçirilib.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, final mərhələ Avropa Banklar Federasiyası tərəfindən “Kahoot” platformasında onlayn təşkil edilib. İyirmi səkkiz ölkədən 55 şagirdin iştirak etdiyi bu mərhələdə Azərbaycanı Xırdalan şəhər 3 nömrəli məktəbin şagirdi Ülkər Aşurova və Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdi Nurlan Karibov təmsil edib. Viktorinanın final mərhələsində birinci yerdə Macarıstan, ikinci yerdə İrlandiya, üçüncü yerdə Slovakiya qərarlaşıb.
Xatırladaq ki, cari ilin martında Azərbaycan Mərkəzi Bankı və ABA-nın təşkilatçılığı ilə Avropa Pul Viktorinasının milli mərhələsi təşkil edilib. 13-15 yaşlı məktəblilər arasında keçirilən müsabiqənin ilk mərhələsində iştirak edən 300 nəfərdən 150-si yarımfinala keçib. Milli final mərhələsinə isə 20 nəfər layiq görülüb. Milli finalın qalibləri müvafiq olaraq 1-ci və 2-ci yerləri tutmuş Ülkər Aşurova və Nurlan Karibov Mərkəzi Bankın maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənovun keçirdiyi seminarlarda iştirak edərək Avropa Pul Viktorinasının final mərhələsinə hazırlaşıblar. Yarışmanın keçirilməsində əsas məqsəd məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləməkdir. 2017-ci ildən keçirilən yarışlara Azərbaycan məktəbliləri ilk dəfə 2019-cu ildə qoşulublar.
2021-ci ilin finalında iştirak edən ölkələrə Albaniya, Almaniya, Avstriya, Azərbaycan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Macarıstan, Makedoniya, Malta, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə və Yunanıstan daxildir.