ELM VƏ TƏHSİL
Azərbaycan məktəbliləri Beynəlxalq olimpiadada medallar qazanıblar
Bakı, 29 iyun, AZƏRTAC
Bu il iyunun 24-dən 29-dək Bolqarıstanın Varna şəhərində yeniyetmələrin 21-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, olimpiadaya Bolqarıstan, Rumıniya, Serbiya, Yunanıstan və digər Balkan ölkələri ilə yanaşı, Azərbaycan, Fransa, Qazaxıstan, Səudiyyə Ərəbistanı və daha bir çox ölkənin şagirdləri qatılıblar. Bu elm yarışında respublikamızı 6 şagird təmsil edib.
“İstək” liseyinin IX sinif şagirdi Ramil Cəbiyev olimpiadanın gümüş, həmin təhsil müəssisəsinin IX sinif şagirdləri Ramiz Vəliyev, Murad Ağayev, həmçinin Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov bürünc medallarına layiq görülüblər.
Qeyd edək ki, həmin şagirdlər Fizika-riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həftədə iki dəfə olmaqla hazırlıq dərslərində iştirak edirlər.