ELM VƏ TƏHSİL
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 17 medal qazanıblar
Bakı, 17 aprel, AZƏRTAC
Cari tədris ilində Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında uğur qazanaraq ölkəmizə 1 qızıl, 6 gümüş və 10 bürünc medal olmaqla, ümumilikdə 17 medal gətiriblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, şagirdlərimizin digər beynəlxalq olimpiadalarda da iştirakı gözlənilir. Belə ki, azərbaycanlı məktəblilər Balkan Riyaziyyat Olimpiadası, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, Beynəlxalq Riyaziyyat Olimpiadası, Avropa Fizika Olimpiadasına qatılacaqlar.
Eyni zamanda, Beynəlxalq Fizika Olimpiadası, Beynəlxalq Mendeleyev Kimya Olimpiadası, Beynəlxalq Kimya Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, Beynəlxalq İnformatika Olimpiadası və Beynəlxalq Biologiya Olimpiadasında məktəblilərimizin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, olimpiadalara hazırlıq proqramı çərçivəsində seçilmiş şagirdlər yerli və əcnəbi müəllimlərin dərslərində, müxtəlif ölkələrdə keçirilən hazırlıq təlimlərində iştirak edirlər.
Hazırda ölkəmizdə səfərdə olan Moskva Fizika Texniki İnstitutunun professorları tərəfindən fizika fənni üzrə beynəlxalq olimpiadada iştirak edəcək komandanın üzvlərinə təlimlər keçirilir. Təlimlər mayın 1-dək davam edəcək.