REGİONLAR


“Azərbaycan mətbəxi qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabının təqdimatı olub

Sumqayıt, 7 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda “Azərbaycan mətbəxi qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabının təqdimatı olub. Uzun müddət bərpası üzərində iş aparılan və Azərbaycan Milli Kulinariya Assosiasiyasının sponsorluğu ilə yenicə “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın müəllifləri Tahir Əmiraslanov, Oruc Əliyev, Ağakərim Şamidzadə, Bəyim Məmmədova, Aynurə Əmiraslanova, Mübariz Quliyevdir. Kitab Dövlət Turizm Agentliyinin eqidası altında nəşr olunub, elmi rəy Dövlət İqtisad Universitetinin qida məhsulları texnologiyası kafedrası tərəfindən verilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin deputatları Qanirə Paşayeva və Adil Əliyev, Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov, “Turan Park” restoranlar şəbəkəsinin rəhbəri Mübariz Quliyev və digərləri kitabın məziyyəti və əhəmiyyəti haqqında maraqlı çıxışlar edib, nəşrin ərsəyə gəlməsində əməyi olanları təbrik ediblər. Natiqlər Azərbaycan mətbəxinin inkişafında, milli mətbəxin toplanmasında, qorunmasında, qədim xörəklərin bərpasında, dünyadakı təbliğatında kitabın rolunu xüsusi qeyd ediblər.

Təqdimat mərasimində bildirilib ki, yeni nəşrdə Nadir Mirzə Qacarın “Karnamə” risaləsində verilən yeməklər restavrasiya olunaraq oxuculara təqdim olunur.

Qeyd edilib ki, “Karnamə” risaləsini Təbrizin valisi Nadir Mirzə Qacar Bərdəli, arvadı ilə birlikdə 1875-ci ildə yazmağa başlayıb. 1883-cü ildə hazır olan “Karnamə” risaləsində 203 xörəyimiz barədə məlumat verilib. Lakin xörəklərin düsturları ( reseptləri) verilmir. 203 xörəyimizin düsturları bərpa edilib. Bununla yanaşı, hər xörək müasir texnologiyada hazırlanır.

Diqqətə çatdırılıb ki, “Karnamə” risaləsi 2013–cü ildə Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutu ilə birlikdə tərcümə və nəşr edilib. Sonrakı beş il ərzində isə risalədə verilən milli mətbəx nümunələrinin bərpası işi aparılıb. Kitab milli mətbəximizin yazılı abidəsinin sübutu olmaqla yanaşı, həm də restoran biznesi və əhali üçün istifadə edilə biləcək vəziyyətə salınıb. Bu isə milli mətbəxin sistemləşdirilməsi, qorunması, təbliğatı və milli mədəni irsə aid edilməsini təmin etmək istiqamətində atılan vacib addımdır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Qacarlar dövrünün bərpa edilmiş xörəkləri, Azərbaycan mətbəxi, mədəniyyəti tərənnüm edilib.

Təqdimat iştirakçıları “Turan Park” restoranlar şəbəkəsi tərəfindən hazırlanan kitabda yer alan qacarlar dövrünün bərpa edilmış tarixi xörəklərini dadıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.