REGİONLAR
Azərbaycan milli dövlət quruculuğunun növbəti inkişaf mərhələsini yaşayır
Şirvan, 9 iyun, Mahir Babayev, AZƏRTAC
İyunun 9-da Şirvanda Prezident yanında Bilik Fondu və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritetləri istiqamətləri” mövzularında keçirilən elmi nəzəri konfransda dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin əhaliyə dolğun şəkildə çatdırılması ilə bağlı qarşıda duran vəzifələrdən danışılıb.
AZƏRTAC xəbər verir ki, YAP Şirvan şəhər təşkilatının iqamətgahında keçirilən konfransda Bilik Fondunun təmsilçiləri, idarə, təşkilat və müəssisə rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Konfransda çıxış edən şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov və Milli Məclisin deputatı Rafael Cəbrayılov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət idarəçiliyi sahəsindəki xidmətlərindən və zəngin təcrübəsindən danışıblar. Bildirilib ki, Ümummilli Lider ölkəmizdə davamlı inkişafın təməlini qoyub və bu gün Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti inkişaf dövrünü yaşayır. Vurğulanıb ki, son illərdə ölkəmiz müstəqilliyini daha da möhkəmləndirib, siyasi, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlər qazanılıb.
Sonra Şirvan İqtisadiyyat və Humanitar Kollecində “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda seminar təşkil edilib.
Seminarda müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə ardıcıl, dolğun və məzmunlu şəkildə çatdırılmasının zəruriliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.