MƏDƏNİYYƏT
“Azərbaycan milli lad sistemi gənc musiqiçilərin repertuarında” festivalı başa çatıb
Bakı, 29 dekabr, AZƏRTAC
Bakı Musiqi Akademiyasında (BMA) Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə, onun tərəfindən təməli qoyulmuş BMA-nın 95 və akademiyanın ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının 35 illiyinə həsr olunmuş “Azərbaycan milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı festival başa çatıb.
BMA-dan AZƏRTAC-a bildirilib ki, festival akademiyanın rektoru, xalq artisti Fərhad Bədəlbəyli və məktəb-studiyanın direktoru Tərlan Seyidov tərəfindən hazırlanmış, Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında şagirdlərin milli lad təfəkkürünün inkişafı Proqramı”nın həyata keçirilməsində növbəti mərhələ hesab olunur.
Festivalın məqsədi milli gen yaddaşı ilə sıx bağlı olan yetişən nəslin mənəvi simasının formalaşmasına təkan vermək və musiqi məktəbləri şagirdlərinin öz milli köklərinə, eləcə də Azərbaycan xalq incəsənətinin əsaslarına maraq oyatmaqdan ibarətdir.
Mövzu etibarilə nadir və mürəkkəb olmasına baxmayaraq, festival gənc musiqiçilər və müəllimləri tərəfindən olduqca parlaq şəkildə həyata keçirilib. Festivalın reqlament və şərtlərinə əsasən 8-12 dəqiqə ərzində iştirakçı xalq mahnı və rəqslərini, o, cümlədən Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib, həmçinin hər birinin lad strukturunun təhlilini, onun səs düzümü və kadensiyalarını göstərərək nümayiş etdirib.
İlk gün ərzində məktəb-studiyanın orkestr alətləri şöbəsinin bütün ixtisas – simli, nəfəs və zərb siniflərinin şagirdləri çıxış ediblər. Solo çıxışlarla yanaşı festivalda ansambl əsərləri də yer alıb.