İDMAN
Azərbaycan millisi futbol üzrə dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də Azərbaycan millisi futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, görüş Serravalle şəhərindəki “San Mariono” stadionunda oynanılıb.
Qarşılaşmanı Sebastyen Delferyerin başçılığı ilə belçikalı hakimlər briqadası idarə edib.
Matçın ilk hissəsi milli komandamızın böyük üstünlüyü şəraitində keçib. Futbolçularımız ilk hissədə rəqib komandanın qapısı qarşısında bir neçə təhlükəli qol vəziyyəti yaradıblar. Matçın 40-cı dəqiqəsində Dmitri Nazarovun cərimə zərbəsindən sonra top qapı dirəyinə toxunaraq meydanı tərk edib. Nəhayət, ilk hissənin sonunda milli komandamız istəyinə çatıb. Oyunun 45-ci dəqiqəsində Əfran İsmayılovun sağ cinahdan ötürməsindən sonra Ruslan Qurbanov topu başla qapıdan keçirib – 1:0. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissənin 52-ci dəqiqəsində San-Marinonun millisinin heyətində Kristian Brolli kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılıb. Lakin ev sahiblərinin azlıqda qalması hesabın dəyişməsinə təsir etməyib. Beləliklə, Azərbaycan millisi səfərdə San-Marinoya minimal hesabla qalib gələrək dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.
Azərbaycan milli komandası dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin “C” qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır. Bu qrupun digər oyunlarında Çexiya yığması Şimali İrlandiyanın müqavimətini qıra bilməyib – 0:0. Almaniya millisi səfərdə Norveçin qapısından üç cavabsız top keçirib.
İlk turdan sonra qrupda Almaniya yığması birinci, Azərbaycan millisi isə ikinci sırada qərarlaşıb. Hərəyə bir xalı olan Çexiya və Şimali İrlandiya yığması üçüncü və dördüncüdür. San-Marino beşinci, Norveç isə altıncı sıradadır.