MƏDƏNİYYƏT
Azərbaycan mötəbər turizm sərgisi “FİTUR”-da təmsil olunur VİDEO
Madrid, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-dən fevralın 1-dək İspaniyanın paytaxtı Madriddə ənənəvi “FİTUR” Beynəlxalq turizm sərgisi keçirilir. Azərbaycan artıq altıncı dəfədir ki, bu sərgidə iştirak edir.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizi sərgidə 7 şirkət – 6 turizm agentliyi və bir mehmanxana təmsil edir. Sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 30 kvadratmetrlik stend quraşdırılıb. Stend sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və ispan dillərində materiallarla təmin olunub. Stenddə quraşdırılmış monitorda isə ölkəmizin turizm potensialını və qarşıdan gələn “Bakı-2015” Avropa Oyunlarını əks etdirən videoçarxlar yayımlanır.
Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev sərginin açılışında iştirak edib, Azərbaycandan gələn nümayəndə heyəti ilə görüşüb, onlara işlərində uğur arzulayıb.
Sərgi çərçivəsində Azərbaycanın və İspaniyanın turizm şirkətləri arasında işçi görüşün keçirilməsi də nəzərdə tutulub.
2007-ci ildən Azərbaycanın iştirak etdiyi “FİTUR” Avropa ərazisində keçirilən ən mötəbər turizm sərgisi hesab olunur. Hər il bu sərgidə dünyanın 100-dən çox ölkəsi iştirak edir. Ötənilki sərgidə 164 ölkədən 120 min nümayəndə iştirak etmişdi və həmin sərgini 100 minə yaxın adam izləmişdi. Sərginin işini 7000-dən çox jurnalist işıqlandırıb.
Aygün Əliyeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid