SİYASƏT
Azərbaycan müdafiə nazirinin səfəri İsrailin onuncu telekanalının populyar analitik verilişində müzakirə edilib VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Avrasiya ərazisində heç bir ölkə İsrail ilə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibət saxlamır. Bu iki ölkə arasındakı münasibətlər xüsusən ona görə təəccüb doğurur ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimi münasibət bəsləyir. Özü də təkcə ona görə yox ki, bu ölkədə heç vaxt antisemitizm olmayıb və bu gün də yoxdur. Yəhudi xalqı həmişə Azərbaycan cəmiyyətinin tərkib hissəsi olub.
AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut bu sözləri İsrailin onuncu televiziya kanalında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İsrail dövlətinə səfərinə həsr edilmiş populyar “London və Kirşenbaum” analitik verilişinin birbaşa efirində şərh zamanı söyləyib.
İsrailli ekspert vurğulayıb: “İsrailin strateji tərəfdaşı olan Azərbaycanın müdafiə nazirinin səfəri göstərir ki, iki dövlət arasında bir sıra istiqamətlər üzrə siyasi-diplomatik dialoq və ikitərəfli əməkdaşlıq ən yüksək etimad səviyyəsindədir. İsrail Dövləti 25 il bundan əvvəl Cənubi Qafqazda strateji seçim edib və birmənalı şəkildə deyə bilərəm ki, bu, ən düzgün seçim olub. Biz - əslən Azərbaycandan olan, hazırda İsraildə yaşayanlar ölkələrimizin strateji tərəfdaşlığı faktına görə fəxr edirik. Heç kəs üçün sirr deyil ki, İsrail və Azərbaycan mürəkkəb bir geosiyasi regionda yerləşir və bu iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığın böyük gələcəyi var. İsrail Dövləti Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yalnız beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində tənzimləməyə çağırır. Ermənistan artıq 25 ildir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonunu işğal altında saxlayır və bu torpaqlarda etnik təmizləmə aparıb. Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Bunun üçün Azərbaycanın Cənubi Qafqazda güclü geosiyasi, hərbi və iqtisadi potensialı var. Düşünürəm ki, belə mürəkkəb geosiyasi şəraitdə Yaxın Şərqdə İsrail Dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi olduqca vacib və zəruridir”.
İsrailli məşhur teleaparıcı Yaron Londonun iki dost ölkənin iqtisadi sahədə əməkdaşlığı barədə sualının cavabında israilli ekspert qeyd edib ki, Azərbaycan-İsrail əməkdaşlığı və tərəfdaşlığı çiçəklənməkdədir, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi demək olar ki, 4 milyard dollara çatıb. Arye Qut deyib: “Əvvəllər bu ticarət dövriyyəsi neft və qaz sənayesi üzərində cəmləşmişdisə, hazırda bu qarşılıqlı münasibətlərin inkişafı şaxələndirilərək iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, telekommunikasiyalar, hərbi sənaye, su ehtiyatları və digər sferaları da əhatə edir. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycan enerji ehtiyatlarının etibarlı təchizatçısı kimi mühüm rol oynayır, o cümlədən İsrailin istehlak etdiyi neftin 40 faizini təmin edir. Azərbaycan həm də Avropa üçün energetik şaxələndirmənin və təhlükəsizliyin əsasıdır”.
İsrailli teleaparıcı Yaron London Azərbaycandakı yəhudi icmasının və bu yaxınlarda səfərdə olduğu Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı Qəsəbə sakinlərinin vəziyyətini şərh edərkən Arye Qut deyib ki, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun ən yaxşı nümunəsidir.
Arye Qut İsrailin onuncu televiziya kanalında populyar “London və Kirşenbaum” analitik verilişinin efirində vurğulayıb: “Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyev bu ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada analoqu olmayan qayğıkeş və səmimi münasibət göstərir. Azərbaycan Prezidentinin himayəsi ilə bu ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Mənə deyə bilərsinizmi, dünyanın hansı xristian və ya müsəlman ölkəsində dövlət vəsaiti hesabına sinaqoqlar tikilir? Azərbaycanda birinci yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Qırmızı Qəsəbə Azərbaycanın əsl qürur yeri, dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onları ortaq tarix və ortaq tale bir-birinə bağlayır. Azərbaycan nümunəsi göstərir ki, əsas dinlərin – iudaizm, xristianlıq və islamın nümayəndələrinin qarşılıqlı hörmət əsasında harmonik şəkildə inkişaf etmələri üçün bu cür dinc yanaşı yaşamaq mümkündür. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməlini təşkil edir”.
Ekspert Arye Qut sonda bir daha vurğulayıb ki, Azərbaycan ilə İsrail arasında münasibətlər strateji xarakter daşıyır. Arye Qut çıxışını bu sözlərlə tamamlayıb: “İsrail ilə Azərbaycan arasında, Azərbaycan müsəlmanları ilə Azərbaycan yəhudiləri arasında münasibətləri təkcə qarşılıqlı maraqlarla izah etmək olmaz. Müasir Azərbaycan-İsrail münasibətlərinin əsasını ümumi dəyərlər və ümumi tarix təşkil edir. İsraildə çoxları bilmir ki, müsəlman Şərqində ilk parlament demokratiyasının – Azərbaycan Xalq Cümhuriyyətinin birinci səhiyyə naziri yəhudi xalqının nümayəndəsi doktor Yevsey Gindes olub. İnsani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Bundan əlavə, açıq-aşkar görünür ki, Azərbaycanda yəhudilər və müsəlmanlar qardaşcasına dinc yanaşı yaşayıblar və bu gün də yaşayırlar. Ortaq tarix və ortaq tale onları bir-birinə həmişəlik bağlayıb”.