MƏDƏNİYYƏT
Azərbaycan muğamı Aşqabadda səsləndirilib
Aşqabad, 16 dekabr, İlahə Əhmədova, AZƏRTAC
Aşqabadda Məxdumqulu Fəraqinin 290 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Məxdumqulu və türk ənənəvi musiqisi” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində Azərbaycanın Türkmənistandakı səfirliyinin dəstəyi ilə Aşqabadda məskunlaşmış soydaşlarımız üçün konsert proqramı təşkil olunub.
Konsertdən əvvəl çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafından, muğam sənətinin zəngin tarixindən, xalqımıza məxsus milli-mənəvi dəyərlərin qorunması və təbliğin istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətlərindən söz açıb.
Konsertdə Azərbaycanı əməkdar artisti Təyyar Bayramovun ifasında muğam və xalq mahnılarımız səsləndirilib. Onu kamançada Toğrul Əsədullayev, tarda isə Sahib Paşazadə müşayiət edib.
Böyük maraqla qarşılanıb konsert iştirakçıların zövqünü oxşayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad