CƏMİYYƏT
Azərbaycan multikulturalizm və tolerantlıq məkanıdır
Bakı, 8 iyun, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Azərbaycan Rus İcması Nizami rayon şöbəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci, Milli Qurtuluş Gününün, Azərbaycan Rus İcmasının yaradılmasının 25-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “dəyirmi masa” keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”da çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Azərbaycan Rus İcması sədrinin müavini Alekseyev Aleksandr Mixayloviç, Azərbaycan Rus İcması Nizami rayon şöbəsinin rəhbəri Vitaliy Kovalyov, Nizami rayon sakini Klimenko və başqaları ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda bütün millətlərin nümayəndələrinin dinc yanaşı yaşamasından, multikulturalizm siyasətinin dövlət səviyyəsində aparılmasından, Prezident İlham Əliyevin dahi siyasətçi Heydər Əliyevin təməlini qoyduğu siyasi kursu layiqincə davam etdirməsindən danışıblar.
Qeyd edilib ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu var.
Tədbirin sonunda deputat Sədaqət Vəliyevaya Azərbaycan Rus İcmasının təşəkkürnaməsi, eləcə də, ictimai-siyasi proseslərdə aktiv iştirak edən bir qrup Azərbaycan Rus İcmasının üzvlərinə diplom və fəxri fərmanlar verilib.