CƏMİYYƏT
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
Bakı, 21 noyabr, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi və Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə Varşavada “Azərbaycan – Tarix, cəmiyyət, mədəniyyət” adlı elmi konfrans keçirilib.
BBMM-dən AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Polşanın ölkəmizdəki səfiri Rafal Poborski, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) müşaviri Gülnarə Ağalarova və ikinci katibi Eltay Aslanov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində Azərbaycan multikulturalizmi fənnini Polşanın Vrotslav Universitetində tədris edən İlahə Kərimova, AMEA Tarix İnstitutunun əməkdaşı Aynur Bəşirli, ADA Universitetinin yardımçı professoru Ceyhun Rzayev, Azərbaycanşünaslıq Mərkəzinin əməkdaşları Nərgiz Axundova, Şəhla Kazımova, eləcə də Polşa universitetlərinin professorları, Azərbaycanın Polşadakı səfirliyinin nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Varşava Universiteti Şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa konfransın Azərbaycan tarixinin və mədəniyyətinin elmi auditoriyaya, bütövlükdə Polşa ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli olduğunu bildirib.
Səfir Həsən Həsənov da çıxışı zamanı belə tədbirlərin rolunu yüksək qiymətləndirib.
Daha sonra BBMM-in layihəsi çərçivəsində “Azərbaycan multikulturalizmi” fənnini Polşanın Vrotslav Universitetində tədris edən İlahə Kərimova xüsusi mühazirə ilə çıxış edib. O, Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflikdən, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsindən, Azərbaycan multikulturalizmi modelinin uğurundan, Multikulturalizm Mərkəzinin fəaliyyəti, eləcə də Azərbaycan multikulturalizminin xarici ölkələrin ali məktəblərində tədrisi, konkret olaraq, Polşa Universitetindəki dərslər haqqında məlumat verib.
Konfrans elmi müzakirələrlə davam edib.