SİYASƏT


Azərbaycan multikulturalizmi fənninin tədrisi ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib

Bakı, 24 iyun, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) xarici ölkələrin universitetlərində Azərbaycan multikulturalizmi fənnini tədris edən mütəxəssislərlə görüş keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə BBMM-in icraçı direktoru Azad Məmmədov Mərkəzin xarici və ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, bu fənn hazırda ölkəmizin 28, dünyanın 13 nüfuzlu universitetində tədris edilir. Fənnin tədrisində məqsəd Azərbaycanı dünyaya başqa rakursdan təqdim etmək, xalqımızın tolerantlıq ənənələrini, multikultural dəyərlərini beynəlxalq ictimaiyyətə tanıtmaqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə başlanılan bu işin gündən-günə genişlənən fəaliyyət sferası Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmini dünyada tanıtmaq istiqamətində müəyyənləşdirdiyi hədəflərin gerçəkləşməsini təmin edir. Bu layihə çərçivəsində gələcəkdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu xarici ölkə universitetlərinin sayı daha da artacaq.

İndoneziyanın Cokyakarta şəhərində ölkənin ən tanınmış təhsil ocaqlarından olan Qacah Mada Universitetinin mədəniyyətşünaslıq fakültəsində bu semestr Azərbaycan multikulturalizmi fənnini tədris edən professor Həbib Zərbəliyev çıxışında tələbələrin fənnə olan böyük marağından bəhs edib. Professor fənnə olan maraqdan qaynaqlanaraq İndoneziya hökumətinin bu ölkədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının açılmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Fənni Çexiyanın paytaxtı Praqada yerləşən Karlov Universitetində tədris edən Roza Şəfiyeva Azərbaycan multikulturalizmi ilə bağlı təqdimatların auditoriya tərəfindən böyük maraqla qarşılandığını bildirib.

Litva Pedaqoji Universitetində bu fənnin tədrisi ilə məşğul olan filologiya elmləri üzrə fəlsəfə doktoru Əfsanə Məmmədova qeyd edib ki, Azərbaycan multikulturalizminin tarixi, ictimai-siyasi səbəbləri, ədəbi-bədii qaynaqlarda izləri tələbələrin ən çox maraq göstərdiyi sahədir.

Görüşdə Azərbaycan multikulturalizmi fənninin tədrisi ilə bağlı qarşıda duran vəzifələr, görüləcək işlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.