SİYASƏT


“Azərbaycan multikulturalizmi modeli və dinlərarası harmoniya” mövzusunda “dəyirmi masa” keçirilib VİDEO

Bakı, 27 noyabr, AZƏRTAC 

Noyabrın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi modeli və dinlərarası harmoniya” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov son vaxtlar dünyada lokal müharibələrin sayının xeyli artdığını söyləyib. Separatizm və terrorizm geniş yayılıb. Bunların fonunda dünyada dinlərarası, hətta məzhəblərarası münasibətlər də xeyli dərəcədə gərginləşib. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan da daxil olmaqla, bir çox sülhsevər ölkələr bəşəriyyətin qurtuluşunu dilindən, dinindən, milliyyətindən asılı olmayaraq xalqların əmin-amanlıq şəraitində birgəyaşayışında görür. Altıncı Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Bu gün həm siyasətçilər, ictimai xadimlər, həm də media tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər. Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə əsaslanır”.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev “dəyirmi masa”da çıxış edərək deyib ki, təkcə Los-Ancelesdə 1 milyona yaxın erməni yaşayır. Onlar yanlış təbliğat apararaq reallıqdan uzaq məlumatlar yayırlar. Bununla əlaqədar Azərbaycan müxtəlif tədbirlər həyata keçirir. Məqsədimiz Azərbaycan həqiqətlərini Los-Ancelesdə yaşayan insanlara çatdırmaqdır. Ölkəmizin həqiqətlərini yaymaq və bu istiqamətdə təbliğatı gücləndirmək ən mühüm vəzifəmizdir. Yüzilliklər ərzində Azərbaycanda məskunlaşan müxtəlif mədəniyyətlərə və dini etiqadlara mənsub xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Ölkəmizdə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir. Biz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə sıx əməkdaşlıq edirik. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bu Mərkəzin böyük rolu var.

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü Conni Mur insanların sülh şəraitində birgəyaşayışının önəmindən danışıb. “Mən çətin bir vaxtda İraqda oldum. Orada insanlarla söhbət etmək imkanı əldə etdim. Onların necə çətin vəziyyətdə yaşadıqlarını gördüm. Bundan sonra mən dünya ölkələrinin dinlə bağlı model axtarışlarına başladım. Məqsədim ondan ibarət idi ki, tətbiq edilən modellərlə tanış olum, belə vəziyyətlərin qarşısını almaqda hansı model daha məqsədəuyğundur onu aşkar edim. Getdiyim ölkələrdə araşdırma nəticəsində bir çox məlumatlar topladım. Azərbaycanda isə öyrəndim ki, fərqli dinlərin, məzhəblərin nümayəndələri çox qədim zamanlardan bir yerdə yaşayıblar. Belə vəziyyət bu gün dünyada bir nümunədir”, - deyə Conni Mur qeyd edib.

ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper multikulturalizmin əhəmiyyətindən danışıb. O deyib ki, multikulturalizm mədəni plüralizmin inkişafına şərait yaradır. Multikulturalizmin müxtəlif modelləri mövcuddur. Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələri həyata keçirən bir ölkədir. Azərbaycanın multikulturalizm siyasəti dünya ölkələri üçün bir örnəkdir.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə əminliyini bildirib ki, bu görüş Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə öz töhfəsini verəcək. Qeyd olunub ki, Azərbaycanda müxtəlif dini ayinləri icra etmək üçün hər kəsə bərabər şərait yaradılıb. Azərbaycanın multikultural ənənələri dünya ölkələri üçün nümunədir. Bugünkü tolerant, inkişaf etmiş və sivil Azərbaycanda multikulturalizmin və beynəlmiləlçiliyin uğurlu adaptasiyası bu modelin parlaq təcəssümüdür. Azərbaycanda etnik və dini tolerantlıq yüksək səviyyədədir.

“Dəyirmi masa”da digər çıxış edənlər – Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının rəhbəri Rasim Xəlilov, “Yeni Həyat” Xristian incil dini icmasının sədri Lyudmila İbrahimova, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının üzvü Zaur Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icmasının pastoru Elşən Cabbarov, “Alov” Xristian Ev Kilsələri Birliyinin rəhbəri İdris Məmmədov, “Vineyard Azərbaycan” xristian dini icmasının sədri Emil Pənahov, Bakı şəhəri dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Bakı və Xəzəryanı yeparxiyasının yepiskopu Aleksandr İşein, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Alban-Udi xristian dini icmasının rəhbəri Robert Mobili və digərləri multikulturalizmin müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biri olduğunu bildiriblər. Qeyd olunub ki, tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.