MƏDƏNİYYƏT


“Azərbaycan musiqi tarixi” kitabının növbəti cildi təqdim olunub

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, Əməkdar elm xadimi, akademik Zemfira Səfərovanın layihəsi və elmi redaktorluğu ilə hazırlanan “Azərbaycan musiqi tarixi” (IV cild) kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tədbir Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Təqdimat mərasimini Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq kitabın musiqi ictimaiyyətimiz üçün əhəmiyyətindən danışıb. Bildirib ki, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşının birgə əməyinin bəhrəsi olan bu kitabda ötən əsrin 50-60-cı illərdən sonra formalaşmış bəstəkarlarımızın yaradıcılığının və bu dövrün musiqi həyatının ümumi mənzərəsi, mövcud janrların təhlili və inkişaf təmayülləri yer alıb. "Gərgin zəhmətin, əməyin bəhrəsi olan bu cilddə 40 bəstəkarın həyatı və əsərləri haqqında dolğun məlumat var. Biz burada musiqi tariximizi əyani sürətdə görə və izləyə bilirik. Zemfira xanım böyük bir kollektivə rəhbərlik edir və musiqi tariximizi işıqlandırır, eyni zamanda, bu istiqamətdə gözəl tədqiqat əsərləri ortaya qoyur".

Vurğulanıb ki, Qara Qarayevin, Cövdət Hacıyevin və digər görkəmli bəstəkarlarımızın sinfində təhsil almış bu bəstəkarların yaradıcılığında opera, balet, simfoniya, kantanta-oratoriya, vokal-instrumental və digər janrların inkişafı ilə bahəm yeni janr və forumların yaranması qeyd olunub. Cilddə hər bəstəkarların yaradıcılığına ayrıca fəsil ayrılıb, onların yaradıcı problemləri portretləri doğum illərinin xronologiyasına əsasən verilib.

Əsərdə simfoniya, balet operetta kantata-oratoriya, mahnı janrlarının inkişaf təmayüllərinə həsr edilmiş fəsillər də yer alıb, fotolar, not nümunələri, Azərbaycan və xarici dillərdə ədəbiyyat təqdim edilib.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ölkəmizdə elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan danışıb və bu günlər ölkəmizdə keçirilən Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalından söhbət açıb.

Akademik Milli Musiqi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək Azərbaycan musiqisinin qədim tarixə malik olduğunu söyləyib: “Bu gün bu zəngin tarixin araşdırılması mühüm əhəmiyyət kəsib edir ki, bu baxımdan bu kitab musiqişünaslıq elminə böyük töhfədir".

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə bildirib ki, kollektiv əməyin məhsulu olan bu dörd cild musiqi mədəniyyətimizin tarixinin öyrənilməsində böyük əhəmiyyət daşıyır. Bu tədqiqatlar xalqın mədəniyyətinin ən geniş mənzərəsini əhatə edir. Bu iş böyük məsuliyyət tələb edir, kollektiv bu işin öhdəsindən layiqincə gəlib.

Tədbirdə daha sonra Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Tariyel Məmmədov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova və digər natiqlər çıxış edərək kitab barədə öz fikirlərini bölüşüblər.

Sonra tədbir bədii hissə ilə davam edib.

Sonra kitabın elmi redaktoru, akademik Zemfira Səfərova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.