ELM VƏ TƏHSİL
“Azərbaycan musiqi tarixi” kitabının üçüncü cildi oxucuların ixtiyarına verilib
Bakı, 8 avqust, AZƏRTAC
“Elm” nəşriyyatında çapdan çıxmış “Azərbaycan musiqi tarixi” kitabının üçüncü cildi oxucuların ixtiyarına verilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşının birgə əməyinin bəhrəsi olan kitab bu müəssisənin şöbə müdiri, görkəmli sənətşünas alim, musiqi mənbəşünaslığının banisi, akademik Zemfira Səfərovanın layihəsi əsasında və onun elmi redaktorluğu ilə nəşr edilib.
AZƏRTAC xəbər verir ki, çoxillik kollektiv araşdırmasının məhsulu olan nəşrin bu cildi XX əsrin 40-cı illərindən respublikamızın müstəqillik illərinə qədərki dövrünü əhatə edir. Kitabın giriş hissəsində bu mürəkkəb və maraqlı dövrün ümumi səciyyəsi verilir, musiqimizdə opera, balet, simfoniya, musiqili komediya və digər janrların yaranması və inkişafı göstərilir.
Cildin hər fəslində Azərbaycanın bu dövrünün musiqi həyatı, dahi Üzeyir Hacıbəylinin yaratdığı zəngin musiqi məktəbinin yetirməsi olan bəstəkarların həyat və yaradıcılığının təhlili və tədqiqi verilir.
Kitabda, həmçinin nadir fotolar və not nümunələri də təqdim olunur.