REGİONLAR


Azərbaycan müxtəlif xalqların mehriban şəraitdə yaşadığı multikultural ölkədir VİDEO

Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları Azərbaycandakı etnik müxtəliflik barədə məlumatlandırılıblar

Quba, 18 fevral, Elxan Yusifli, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları fevralın 18-də “Azərbaycanda etnik müxtəliflik” mövzusunda mühazirə dinləyiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mühazirədən əvvəl dünyanın 16 ölkəsinin aparıcı universitetlərində təhsil alan tələbələrin cəlb olunduğu layihənin iştirakçıları Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüblər. Z.Əliyev Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri İrina Kuninan söylədiyi mühazirədə bildirib ki, Azərbaycanda əhalinin 91 faizini azərbaycanlılar, qalan hissəsini isə digər xalqlar təşkil edir. Azərbaycan müxtəlif xalqların mehriban şəraitdə yaşadığı multikultural ölkədir. Etnik qruplar bütün bölgələrdə kompakt şəkildə yaşayırlar. Azərbaycanda qədimdən məskunlaşan ləzgi, tat, talış, udi, avar, xınalıq və digər çoxsaylı etnik qruplar dövlətin qayğı və himayəsini daim öz üzərlərində hiss edirlər. Azsaylı xalqların orta məktəblərdə öz ana dillərində təhsil almaları dövlət tərəfindən təmin olunur.

Mühazirədə qeyd edilib ki, Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyətində milli və dini azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edir və milli-mədəni rəngarəngliyi cəmiyyətin zənginliyinə xidmət edən amil kimi dəyərləndirir.

Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 19, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Azərbaycan, Gürcüstan, Çexiya, Almaniya, Serbiya, Hindistan, Bosniya və Herseqovina, Avstriya, Yaponiya, İspaniya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya, Bolqarıstan, San Tome və Prinsipi Demokratik Respublikası və Braziliyadan tələbələrin cəlb olunduğu layihə çərçivəsində fevralın 23-dək Quba, Qusar, Xaçmaz rayonlarında və Bakı şəhərində bir sıra tədbirlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.