İQTİSADİYYAT
Azərbaycan neft kontraktlarının idarə edilməsi ilə yanaşı, qaz hasilatının həcmini artırmağa müvəffəq olmaqdadır
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda sülhün bərqərar olması üçün bütün imkanları nəzərdən keçirir və xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsi, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunmasında əzmkarlıq nümayiş etdirir.
Dünyada, xüsusilə də Avropa qitəsində enerji təchizatı və təhlükəsizliyi bugünkü reallıqlarda vacib məsələ olduğundan Azərbaycan Prezidenti bu sahəni də sülhün əldə olunmasına yeni siyasət kimi istifadə edir.
Bu sözləri Milli Məclisinin deputatı Məzahir Əfəndiyev AZƏRTAC-a açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna münasibətlərinin gərgin olaraq qalması, habelə Avropanın bu günə qədər ən böyük qaz təchizatçısı olan Rusiyaya ABŞ və qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar ümumən NATO-Rusiya qarşıdurmasını dərinləşdirmiş, Avropa İttifaqı (Aİ)-Rusiya münasibətlərinə mənfi təsir göstərərək Avropanın enerji təchizatı baxımından yeni qaz mənbələri və logistika imkanlarının tapılmasını zəruri edib.
“1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ni mükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazanaraq regionun lider dövləti olaraq qəbul edilməkdədir.
Bu gün Azərbaycan neft kontraktlarının idarə edilməsi ilə yanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır. 2021-ci ildə Azərbaycan ilk dəfə olaraq Cənub Qaz Dəhlizi üzərindən Avropaya istehsal etdiyi qazı ötürüb.
Hazırda Avropada yaşanan enerji böhranı fonunda Azərbaycanın illər boyu üzərində işlədiyi enerji infrastrukturu Aİ-nin diqqətini cəlb etməkdədir. Bu, eyni zamanda, Azərbaycan üçün suverenliyin qorunmasında, habelə Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaqda yeni bir imkan, habelə Avropada yaşayan insanların enerji və qaz tələbatının ödənilməsinə dəstəkdir.
Prezident İlham Əliyevin cari il sentyabrın 30-da dost və strateji tərəfdaş olan Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində vurğuladığı kimi, “Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək”. Bu imkanlar həm iqtisadiyyatın şaxələnməsinə, həm də regionda xalqların dayanıqlı sülhlə təmin olunmasına xidmət göstərə bilər”, - deyə M.Əfəndiyev vurğulayıb.
O qeyd edib ki, oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi Aİ-nin enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi növbəti yeni planı olaraq Azərbaycan qazının Bolqarıstana və Bolqarıstan vasitəsilə şaxələndirilərək digər Avropa dövlətlərinə çatdırılmasını nəzərdə tutur.
Bu yeni formatda Avropa enerji təhlükəsizliyində Azərbaycanın iştirakı bir tərəfdən ölkəmizin artan nüfuzu, digər bir tərəfdən Azərbaycan dövlətinin bu günə qədər yaratdığı və həyata keçirdiyi böyük infrastruktur layihələrinin reallaşması ilə mümkün olub.
“Prezident İlham Əliyev Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında iyun ayında Bakıda imzalanmış Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu qeyd edib, həmin Memoranduma əsasən ölkəmizin növbəti bir neçə ildə Avropaya qaz ixracatının ən azı 2 dəfə artırılacağını vurğulayıb.
Bu, öz növbəsində, Azərbaycanın enerji sahəsindəki siyasətində düzgün gələcəyə hədəflənmiş istiqamətləri göstərir, eyni zamanda, Aİ ilə Azərbaycan arasında siyasi, mədəni, humanitar sahələrdə də əlaqələrin dərinləşəcəyinə əminlik yaradır.
Beləliklə, Prezident İlham Əliyevin həm Bolqarıstana rəsmi səfəri, həm də Qaz İnterkonnektoru layihəsinin açılış mərasimində iştirakı daha çox sülhə, əmin-amanlığa və dünya enerji təhlükəsizliyi siyasətinə verilə biləcək böyük töhfədir”, - deyən Milli Məclisinin deputatı fikirlərini tamamlayıb.