CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti ABŞ-da sosial iş sahəsində təhsil, təcrübə mübadiləsində iştirak edir

Bakı, 26 iyul, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının Dominik Universitetinin dəvəti ilə təcrübə mübadiləsi proqramı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Sədaqət Əliyeva, Azərbaycan Sosial İş İctimai Birliyinin nümayəndələri bu ölkədə səfərdədirlər.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Dominik Universitetinin prezidenti professor Donna Karoll ilə görüşüblər. C.Rəhmətullayeva Dominik Universitetinin sosial iş üzrə magistratura pilləsinin tələbələri üçün mühazirə oxuyub. Mühazirədə Azərbaycan dövlətində ailə, uşaq siyasəti, sosial işin tarixi, sosial iş təhsili sistemi haqqında maraqlı məlumatlar əks olunub. C.Rəhmətullayeva əvvəlcə ölkəmizin coğrafi mövqeyi, əhalisi, tarixi, dövlət siyasəti, Azərbaycanda qadın hərəkatı, XIX əsrin əvvəllərində xeyriyyə cəmiyyətlərinin rolu və ilkin sosial fəaliyyətlərin başlanması və müasir dövrdə sosial siyasət, həyata keçirilən layihə və dövlət proqramları barədə məlumat verib. O, ölkədə sosial proqramların həyata keçirilməsində Heydər Əliyev Fondunun gördüyü işləri və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə fəaliyyətini xüsusi vurğulayıb. Tələbələr Azərbaycan haqqında bir çox suallarla müraciət edib, mühazirə interaktiv sual-cavab formasında müzakirələrlə davam edib.

Daha sonra Azərbaycan Sosial İş İctimai Birliyinin üzvü Xanbala Əhmədov və Birliyin rəhbəri Aytəkin Hüseynova Azərbaycanda sosial iş təhsili barədə danışıb. Nümayəndə heyəti həmçinin Çikaqo şəhər Milli Sosial İş Birliyində görüş keçirib, təcrübə mübadiləsi aparıblar.

Qeyd edək ki, təhsil mübadiləsi proqramı davam edir. Proqram çərçivəsində İllinois ştatının digər universitetlərində görüş və mühazirələrin keçirilməsi planlaşdırılır. Nümayəndə heyəti bu gündən başlayan ailə məsələləri üzrə illik konfransda iştirak edəcək. Konfrans üç gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.