İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının sessiyasında iştirak edir
Bakı, 18 sentyabr, AZƏRTAC
Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 62-ci sessiyası başlayıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov da iştirak edir.
Sessiyada nüvə təhlükəsizliyi, radiasiya təhlükəsizliyi, eləcə də tullantılarla rəftar və daşınma qaydaları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, fiziki nüvə təhlükəsizliyi, Texniki Əməkdaşlıq Sahəsində agentliyin fəaliyyətinin gücləndirilməsi və digər məsələlər müzakirə olunur.
Sessiya çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçiriləcək "Sərhəd-keçid məntəqələrində radioloji nəzarətin inkişaf etdirilməsi" layihəsinin konsepsiyası, bu sahədə müvafiq təlimlərin keçirilməsi və DGK-nın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müvafiq avadanlıqların verilməsi müzakirə ediləcək.
Bu müzakirələr DGK ilə AEBA arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək.