CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti Avrasiya İslam Şurasının Zirvə toplantısında iştirak edəcək
Bakı, 8 oktyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və hər iki qurumdan nümayəndələr Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmezin dəvəti ilə Avrasiya İslam Şurasının IX Zirvə toplantısında iştirak etmək üçün oktyabrın 9-11-də İstanbul şəhərində səfərdə olacaqlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Avrasiyada İslam: din istismarına qarşı birlik, dayanışma və gələcək perspektivi” mövzusunda keçiriləcək Zirvə toplantısında bu regionda İslamın gələcəyi və dini istismar edən hərəkətlər, dini təhsil verən qurumlar, qlobal təhdidlər və şiddət təhlükəsi - İŞİD, qlobal təhlükə kimi FETÖ-nün Avrasiyaya təsirləri, dini istismarın qarşısının alınması yolları və bu kimi digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Avrasiya İslam Şurasının IX Zirvə toplantısına Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, Diyanət İşləri Başqanı Mehmet Görmezin, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdinin, Orta Asiya, Qafqaz və Şərqi Avropa ölkələrindən din siyasəti ilə məşğul olan rəsmi şəxslərin, nüfuzlu din xadimlərinin, tanınmış islamşünasların və ilahiyyatçıların qatılacağı gözlənilir. Açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edəcəklər.
Qeyd edək ki, Avrasiya İslam Şurası Türkiyə Diyanət İşləri Başqanlığının təşəbbüsü ilə yaradılıb. Avrasiya regionunda eyni dini dəyərlərə sahib ölkələr arasında din sahəsində əməkdaşlıq əlaqələri qurmaq və ümumi problemləri birgə həll etmək məqsədilə yaradılmış Avrasiya İslam Şurasının indiyədək keçirilən Zirvə toplantılarında dinin dünyada sülh və sabitliyin yaranmasında rolu, dinlər və mədəniyyətlərarası əlaqələrin inkişafı, eləcə də dini təhsilin həyata keçirilməsinə dair məsələlərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.