İDMAN


Azərbaycan nümayəndə heyəti Avropa Ədalətli Oyunlar Hərəkatının tədbirlərində iştirak edib

Bakı, 27 noyabr, AZƏRTAC

Brüsseldə Avropa Ədalətli Oyunlar Hərəkatının 24-cü Konqresi və Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil ediblər.

Avropa Regionlar Komitəsində keçirilən Konqresdə Hərəkata üzv olan 30-dan çox ölkənin, eləcə də Belçikada yaşayan müxtəlif dinlərin nümayəndələri iştirak ediblər. “İdman bəşəriyyətin ruhudur” mövzusunda geniş müzakirələr aparılıb, məruzələr dinlənilib.

Brüssel parlamentində Hərəkatın ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib. Mərasimdə dünyada fərqlənən idmançılara və mütəxəssislərə Hərəkatın mükafatları təqdim olunub.

Belçika Olimpiya Komitəsində bu qurumun 24-cü Baş Assambleyası keçirilib. Tədbirdə gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub, iştirakçı nümayəndələr təcrübələrini bölüşüb, fikir mübadiləsi aparıblar. Sonra qurumun hesabatı dinlənilib və növbəti il üçün büdcəsi təsdiqlənib.

Assambleya çərçivəsində iştirakçı ölkələrin nümayəndələri arasında interaktiv seminar təşkil edilib. Müxtəlif qruplara bölünən işçi qrupları ədalətli oyunlar hərəkatının təbliği və inkişaf etdirilməsi istiqamətində müzakirələr və təcrübə mübadiləsi aparıblar.

Azərbaycan nümayəndə heyəti bu il AzƏOK-un 20 illik yubiley mərasiminin, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) mükafatlarının təqdimetmə mərasiminin Bakıda keçirilməsi barədə məlumat verib. Bildirilib ki, yubiley ərəfəsində “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabı və təşkilatın yeni loqosu ictimaiyyətə təqdim edilib. BƏOK tərəfindən Ədalətli Oyunlar Regional İnkişaf Mərkəzinin Bakıda yaradılması qərara alınıb.

Assambleyanın sonunda növbəti Konqresin 2019-cu ildə hansı ölkədə keçirilməsi məsələsi gündəmə qoyulub və müzakirələr aparılıb. Növbəti Konqresə ev sahibliyi edəcək ölkənin adı Hərəkatın İcraiyyə Komitəsi tərəfindən gələn ilin əvvəlində açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.