CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti BMT-nin Yaşlaşma üzrə Nazirlər Konfransında iştirak edib

Bakı, 25 sentyabr, AZƏRTAC

Lissabonda BMT-nin Avropa İqtisadi Komissiyasının Yaşlaşma üzrə Nazirlər Konfransı keçirilib. Konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfrans Yaşlaşma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının və Planın Regional İmplementasiya Strategiyasının həyata keçirilməsi üzrə 2012-ci ildən 2017-ci ilə qədər dövrün qiymətləndirilməsinə həsr olunub. Qiymətləndirmə hər beş ildən bir aparılır və həmin dövr ərzində regionda bu sahədə həyata keçirilən tədbirlərin, əldə olunan uğur və problemlərin müzakirəsi, yeni prioritetlərin müəyyən olunması üçün yüksək səviyyədə konfrans keçirilir.

Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli tədbir iştirakçılarına ölkəmizdə əhalinin yaşlaşması sahəsində həyata keçirilən siyasət, əldə olunan nəticələr, aparılan islahatlar və perspektivlər haqqında məlumat verib. Çıxışda demoqrafik baxımından əhalinin cavan yaş strukturuna baxmayaraq, respublika hökuməti tərəfindən əhalinin yaşlaşma prosesinin gələcək çağırışlarına cavab vermək üçün davamlı addımlar atıldığı qeyd olunub. Hazırda əhalinin yaş strukturunda 65 yaş və yuxarı yaşda olanların payının 6,3 faiz təşkil etdiyi, 2050-ci ilə qədər isə həmin rəqəmin 22 faizə çatmasının proznozlaşdırıldığı bildirilib.

Bundan əlavə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına və Yaşlaşma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının prinsiplərinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti qurumları ilə birgə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanması, hazırda mövcud və perspektiv demoqrafik meyllər nəzərə alınmaqla yeni Məşğulluq Strategiyasının layihəsinin hazırlandığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Çıxışda qeyd olunub ki, Yaşlaşma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının əsas məqsədlərindən biri də silahlı münaqişələr zamanı yaşlıları qorumaq və onları müdafiə etməkdir. Qeyri-stabillik və zorakılıq sosial hüquqların təmin edilməsində ən böyük maneədir. Dünyanın bir çox yerlərində milyonlarla insan qaçqın və məcburi köçkünə çevrilir və bu ictimai rifahın təmin edilməsinə ciddi problemlər yaradır. Təəssüf ki, bu gün Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində ölkəmizin hər on sakinindən biri qaçqın və məcburi köçkündür. Qaçqın və məcburi köçkün əhalinin 30 faizi yaşlı əhali təşkil edir və onların 70 faizi qadınlardır. Əlbəttə ki, bu işğal Azərbaycanda ahıl vətəndaşların sosial müdafiəsinin təşviq edilməsi sahəsində hökumətin gördüyü tədbirlərin həyata keçirilməsini çətinləşdirir.

Tədbirdə BMT-nin Avropa İqtisadi Komissiyasının Yaşlaşma üzrə Dördüncü Konfransında Lissabon Bəyannaməsi qəbul olunub. Bəyannamədən irəli gələn prinsiplər ölkədə ahıl vətəndaşların sosial müdafiəsi və onların hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərdə nəzərə alınacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.