CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının İdarə Heyətinin iclasında iştirak edib

Bakı, 2 noyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin iclasında iştirak edib.

BƏT-in İdarə Heyətinin üzvü olan Azərbaycan Təşkilatın rəhbər orqanının iclaslarında, eləcə də siyasi qərarların qəbulunda fəal iştirak edir və hazırda üçtərəfli (hökumət, işəgötürənlərin və işçilərin nümayəndələri) təmsilçilik şəraitində fəaliyyət göstərən BƏT-də hökumətlər qrupuna rəhbərlik Azərbaycana həvalə olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, İdarə Heyətinin iclasında BƏT-in rəhbər orqanının hesabatı dinlənilib, Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasından, BƏT-in Baş Direktoru Qay Rayderin məruzəsindən irəli gələn mövzular, Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək, üçtərəfli dialoqun və layiqli əməyin təminatı üzrə siyasətlər və s. məsələlər müzakirə olunub.

Müzakirələrdə iştirak edən nümayəndə heyəti iclas çərçivəsində bir sıra BƏT rəsmiləri ilə görüşüb. BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Kollerlə görüşdə bu ilin mayında BƏT-lə əməkdaşlıq çərçivəsində Davamlı İnkişaf Məqsədlərinin icrasına dair Bakıda keçirilmiş beynəlxalq konfransın əhəmiyyəti vurğulanıb. Həmin konfransda iştirak etmək üçün ilk dəfə ölkəmizə səfər etmiş BƏT-in Baş Direktoru Qay Rayderin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, eləcə də səfər çərçivəsində keçirilmiş digər görüşlər də məmnunluqla qeyd olunub, müzakirə edilmiş məsələlərin icra vəziyyətinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı M.Kərimli Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar barədə məlumat verib. O, ölkəmizin sosial-iqtisadi uğurlarının beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini, bunun növbəti təsdiqi kimi, Dünya Bankı tərəfindən yayılan yeni “Doing Business 2019” hesabatında Azərbaycanın dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edildiyini, hesabatda Azərbaycanın 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla, MDB ölkələri arasında lider mövqeyə yüksəldiyini diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli sərəncamı ilə “2019–2030-cu illər üçün Məşğulluq Strategiyası”nın qəbul edildiyi barədə məlumat verilib, BƏT-in dəstəyinin Strategiya üzrə Tədbirlər Planı layihəsinin hazırlanmasında da davam edəcəyinə ümid ifadə edilib.

Ölkəmizdə “DOST” mərkəzlərinin yaradılması işlərindən bəhs edən M.Kərimli bu mərkəzlərdə məşğulluq xidmətlərinin də tam elektron infrastruktur üzərində vahid platformadan çevik təqdim olunmasına imkan yaranacağını, bu sahədə, habelə İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin fəaliyyətində BƏT-lə əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəyini deyib.

O, özünüməşğulluq proqramı ilə bağlı təlimçilər qrupunun yetişdirilməsində, “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrasında, gənclərin məşğulluğu, o cümlədən gənclər üçün subsidiyalı məşğulluğun təmin edilməsi sahəsində birgə işləri qeyd edib. Nazir müavini ölkəmizdə aktual hesablamalar və sosial müavinət sistemlərinin, əmək haqqı siyasətinin təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işsizlikdən sığorta sisteminin qurulması, hazırda fəaliyyətini uğurla davam etdirən üçtərəfli komissiyanın yaradılması və s. sahələrdə BƏT-lə fəal əməkdaşlığın, Təşkilatın fəal ekspertiza dəstəyinin əhəmiyyətini qeyd edib. Həmçinin məşğulluq və əmək müfəttişliyi xidmətlərinin işçilərinin bacarıqlarının artırılması üçün BƏT-lə birgə təlimlərdən bəhs olunub. Bu ilin dekabrında növbəti - 5-ci təlim seminarının keçiriləcəyi bildirilib.

Görüşdə BƏT-in 100 illik yubileyinin Azərbaycanda da geniş qeyd ediləcəyi, bununla bağlı tədbirlərin keçiriləcəyi, 100 illiklə bağlı ictimaiyyət arasında geniş məlumatlandırma işlərinə başlandığı da qeyd olunub.

H.Koller ölkəmizdə sosial-iqtisadi inkişaf proseslərinin, bu günlərdə Azərbaycanda yeni Məşğulluq Strategiyasının qəbul olunmasının, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinin, sosial partnyorluğun inkişafının təqdirəlayiq olduğunu deyib. O, eyni zamanda ölkəmizin əmək və məşğulluq, sosial müdafiə sahəsində innovativ həllərin tətbiqinə əsaslanan yeni iş təcrübələri əldə etməsinin, uğurlu iş praktikalarını digər ölkələrlə bölüşməyə hazır olmasının məmnunluq doğurduğunu vurğulayıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin BƏT-in Əmək Standartları Departamentinin rəhbəri Korin Varqa və Məşğulluq Departamentinin rəhbəri Sanqeon Li ilə də görüşləri olub. Həmin görüşlər zamanı ölkəmizdə əmək standartlarının hazırlanması prosesinin BƏT-lə əməkdaşlıq müstəvisində davam etdiyi, bu prosesin müzakirəsi ilə bağlı BƏT-in əmək standartları üzrə ekspertinin ölkəmizə gələcəyi bildirilib, məşğulluq siyasətinin təkmilləşdirilməsi sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.