İQTİSADİYYAT


Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək

Bakı, 2 fevral, AZƏRTAC

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti fevralın 5-7-də Çin Xalq Respublikasında səfərdə olacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti “Kəmər və Yol” layihəsinin təşviqində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rolu” mövzusunda Beynəlxalq konfransda iştirak edəcək. Konfransda iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın tranzit potensialına dair çıxış edəcək, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin rəhbərləri ilə müzakirələr aparacaq.

Səfər çərçivəsində nazir Şahin Mustafayev Çinin nəqliyyat naziri, kommersiya nazirinin müavini - Çinin Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi, Milli İnkişaf və İslahatlar Komitəsinin, İpək Yolu Fondunun və İpək Yolu Beynəlxalq Ticarət Palatasının rəhbərləri, Şansi əyalətinin qubernatoru ilə görüşəcək.

Azərbaycan nümayəndə heyətinin Çinə səfəri zamanı Pekində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olacaq.

Bundan başqa, səfər zamanı Pekin və Sian şəhərlərində biznes-forumlar təşkil olunacaq. Biznes-forumlarda rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, turizm və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək. Bu tədbirlərdə, həmçinin "Ekspo 2025" Sərgisinə Bakının namizədliyi ilə bağlı videotəqdimat keçiriləcək.

Səfərin son günü - fevralın 7-də isə Sian şəhərində İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycanın investisiya mühitinə dair təqdimat təşkil ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.