SİYASƏT


Azərbaycan nümayəndə heyəti Gürcüstanın yeni Prezidentinin andiçmə mərasimində iştirak edəcək

Tbilisi, 12 dekabr, AZƏRTAC

Azərbaycan nümayəndə heyəti Gürcüstanın yeni Prezidentinin andiçmə mərasimində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Nazir deyib ki, Gürcüstan hökuməti diplomatik münasibətləri olan bütün dövlətlərə, eləcə də beynəlxalq təşkilatlara dəvətnamə göndərib. Artıq bəzi ölkələr Gürcüstanın yeni Prezidentinin andiçmə mərasimində iştirak edəcəklərini bildiriblər. Andiçmə mərasimində bir sıra ölkələrin prezidentlərinin, Səudiyyə Ərəbistanı, Çexiya, Serbiya, Litvadan gələcək nümayəndə heyətlərinə parlament sədrlərinin rəhbərlik edəcəkləri gözlənilir.

Xatırladaq ki, Prezidentin andiçmə mərasimi dekabrın 16-da Telavi və Tbilisi şəhərlərində, həmçinin Telavidən 10 kilometr məsafədə yerləşən Tsinandali kəndində təşkil olunacaq.

S.Zurabişvili Telavi şəhərində təntənəli and içəcək. Yeni Prezidentin Tsinandali kəndində mərasimə təşrif buyurmuş qonaqları qəbul edəcəyi gözlənilir. Dövlət başçısı, həmçinin paytaxt Tbilisidə ictimai xadim İlya Çavçavadzenin məzarının və Qəhrəmanlar abidəsinin önünə əklil qoyacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.