SİYASƏT
Azərbaycan nümayəndə heyəti İranın Xorasan vilayətində olmuşdur
Tehran, 16 mart (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir.
Səfərin son günü nümayəndə heyəti İranın Xorasan Rəzavi vilayətinin paytaxtı Məşhəd şəhərində olmuşdur.
Vilayətin valisi Əli Rza Rəşidian ilə keçirilmiş görüşdə nazir K.Heydərov bildirmişdir ki, Azərbaycan və İran xalqlarının mədəniyyət, din və tarixi ənənələr baxımından ortaq dəyərləri iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı zəmindir. İqtisadiyyat, xüsusilə sərmayə sahəsində əlverişli şərait mövcuddur. O, İrana səfərinin və keçirdiyi görüşlərin məhsuldar olduğunu da diqqətə çatdırmışdır.
Xorasan valisi Ə.R.Rəşidian da ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinin xalqlarımızın mənafeyinə uyğun olduğunu söyləmişdir. Keçən il 13 min azərbaycanlı zəvvarın Məşhəd şəhərini ziyarət etdiyini diqqətə çatdıran vali demişdir ki, Məşhədlə Bakı arasında birbaşa uçuşların təşkili ziyarətə gələnlərin sayının artmasına müsbət təsir göstərər.
Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov iştirak etmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran