CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

İstanbul, 24 may, AZƏRTAC

Azərbaycanın müharibə veteranlarından və hərbi yönümlü QHT təmsilçilərindən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Gənclər və İdman Nazirliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı və Türkiyə Müharibə Veteranları Dərnəyinin dəvəti ilə baş tutan səfərin iştirakçıları İstanbula gəliblər.

AZƏRTAC xəbər verir ki, səfər zamanı Qarabağ müharibəsinin və Aprel döyüşlərinin veteranları İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Osmanlı ordusunun Şərq qoşunları komandanı Kazım Qarabəkir Paşanın ev-muzeyi ziyarət olunub. Paşanın qızı Timsal Qarabəkir ilə görüşdə Kazım Qarabəkirin Türkiyənin milli azadlıq mübarizəsində misilsiz qəhrəmanlığından söhbət açılıb. Azərbaycan və Türkiyə xalqlarının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının ölkələrimiz arasında qardaşlıq münasibətlərin təməlini təşkil etdiyi bildirilib.

Xatırladaq ki, artıq dörd ildir Azərbaycan və Türkiyə veteranları arasında qarşılıqlı səfərlər reallaşdırılır. Builki səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb, bir sıra tədbirlərdə iştirak ediblər.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.