SİYASƏT
Azərbaycan nümayəndə heyəti Latviyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
Riqa, 3 oktyabr, AZƏRTAC
Latviya oktyabrın 6-da keçiriləcək parlament seçkilərinə hazırlaşır. Seçkilərdə beynəlxalq müşahidəçi qismində 30 ölkədən 60 nümayəndə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviya Mərkəzi Seçki Komissiyasının sədri Arnis Simdars məlumat verib.
Müşahidəçilər Azərbaycan, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Cənubi Koreya, Rusiya, Litva, Moldova, Özbəkistan, Ukrayna və digər ölkələrdən, həmçinin Avropa Təhlükəsizliyi və Əməkdaşlığı Təşkilatındandır. Müşahidəçi qismində olaraq yerli və xarici partiyaların rəhbərləri də iştirak edə bilərlər.
Azərbaycandan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti və Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov seçkiləri izləmək üçün oktyabrın 4-dən 7-dək Riqa şəhərində səfərdə olacaqlar.
Səsvermə prosesi 954 məntəqədə səhər saat 07:00-dan başlayacaq və axşam 20:00-dək davam edəcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa